Giorgi Kvirikaşvili Azərbaycanın baş naziri ilə görüşdü
Giorgi Kvirikaşvili Azərbaycanın baş naziri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə avqustun 31-də Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ilə görüşüb. Əvvəlcə Azərbaycanın və Gürcüstanın Baş nazirlərinin təkbətək görüşü olub. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib.

Baş nazir Artur Rasizadə Azərbaycan-Gürcüstan əlaqələrinin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini bildirib. Qeyd edib ki, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin Azərbaycana səfəri və bu çərçivədə aparılan danışıqlar ölkələrimiz arasındakı əlaqələrin inkişafına töhfə verəcək.

Bakıya səfərindən məmnunluğunu bildirən Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili Azərbaycanın Gürcüstan üçün qardaş ölkə və strateji tərəfdaş olduğunu diqqətə çatdırıb. Tarix boyu xalqlarımız və ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışan Giorgi Kvirikaşvili hökumətinin bu münasibətləri daha da dərinləşdirmək niyyətində olduğunu deyib.