Baş nazir İrakli Kobaxidze Ursula fon der Laienə, Antoniu Koştaya və Roberta Metsolaya açıq məktubla müraciət edir
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa strukturlarının rəhbərlərinə, Avropa Komissiyasının Prezidenti Ursula fon der Laienə, Avropa Şurasının Prezidenti Antoniu Koştaya və Avropa Parlamentinin Prezidenti Roberta Metsolaya açıq məktubla müraciət edir.
“Sizə məlum olduğu kimi, Gürcüstan insan ləyaqəti, humanizm, azadlıq və milli kimliyin bəyan edilmiş prinsiplər deyil, əsrlər boyunca formalaşmış, xalqın qanına-canına işləmiş dəyərlərin olduğu Avropa dəyərlərinə əsaslanan ölkədir.
Tarixi, mədəni və dəyərlər baxımdan Gürcüstan Avropa məkanının bir hissəsidir, eyni zamanda isə Avropa ailəsinin tamhüquqlu üzvü olmağa can atan, Avropa İttifaqına üzvlüyə namizəd ölkədir. Təəssüf ki, Avropa bürokratiyası tərəfindən Gürcüstana qarşı qəbul edilən qərarlar nəticəsində, birtərəfli qaydada, sizin təşəbbüsünüzlə ölkəmizlə siyasi dialoq dayandırıldı, bundan sonra da bizim tərəfimizdən təklif olunan müzakirə və əməkdaşlıq formatları dəfələrlə rədd edildi. Bu cür vəziyyəti nəzərə alaraq, sizə açıq məktubla, ictimai şəkildə müraciət etmək məcburiyyətindəyik.
Dəfələrlə qeyd etmişik ki, Gürcüstanın Avropa İttifaqına üzv olmağa can atması formal inteqrasiya istəyi ilə şərtlənmir. Xalqımız üçün Avropa, ilk növbədə, dəyərlər məkanı, əcdadlarımızın xristian mənəviyyatına, azadlığa, bərabərliyə, insan hüquqlarına hörmətə və demokratik prinsiplərə əsaslanan sivilizasiya seçimidir.
Bizim üçün Avropa İttifaqı hər hansı bir konkret siyasi fiqura, avropalı lider və ya avrobürokrata deyil, gürcü xalqı da daxil olmaqla, Avropa xalqlarına məxsus ortaq, Avropa sivilizasiya məkanıdır.
Bu fonda, Avropa sivilizasiyasının bir hissəsi və Avropa İttifaqına üzvlüyə namizəd ölkə olaraq, Avropanın mərkəzində, Danimarkanın paytaxtı Kopenhagendə inkişaf edən və fikrimizcə, nə Avropa, nə də Avropa dəyərləri ilə heç bir ortaq nöqtəsi olmayan narahatlıq doğuran hadisələrlə bağlı suallarımız var.
Xanım Ursula, cənab Antoniu, xanım Roberta, Avropa İttifaqının ali institutlarının nümayəndələri kimi sizə sualla müraciət edirəm – Danimarkanın paytaxtı Kopenhagendə dinc nümayiş iştirakçılarının əvvəlcə dəyənəklə döyüldüyü, daha sonra isə onlara qarşı itlərdən istifadə edildiyi zorakılığı necə qiymətləndirirsiniz?
Polisin dinc nümayişçiləri necə amansızlıqla dağıtdığını gördüyümüz o ağır kadrlar beynəlxalq ictimaiyyətə narahatlıq doğuran reallığı açıq şəkildə göstərdi – əgər illər boyu Avropa demokratiyanın, insan hüquqlarının, söz və ifadə azadlığının, eləcə də digər fundamental dəyərlərin qorunmasının etalonu hesab edilirdisə, bu gün bunun əksi olan tendensiya getdikcə daha aydın şəkildə özünü büruzə verir. Mövcud vəziyyət Avropanın bu dəyərlərin qorunmasının deyil, onlara laqeyd yanaşılmasının və kobud şəkildə pozulmasının etalonuna çevrilə biləcəyi təhlükəsini yaradır.
Demokratik dəyərlərə sadiq olan istənilən ölkə üçün olduğu kimi, Gürcüstan üçün də həm Kopenhagendə gördüyümüz o zorakılıq, həm də Avropa İttifaqının əsasını qoyan fundamental prinsipləri artıq qorumaması faktı qəti şəkildə qəbulolunmazdır.
Bütün bunları nəzərə alaraq, təbii ki, sizə yönəlik suallar yaranır, o cümlədən, bu cür zorakı əməllərin Avropa İttifaqının hər zaman sadiqliyini vurğuladığı və dünya ölkələrinin can atdığı demokratiya və insan hüquqları standartlarına uyğun gəlib-gəlmədiyinə dair suallar meydana çıxır.
Avropa İttifaqının yüksəkvəzifəli şəxsləri kimi, necə düşünürsünüz, demokratik geriləmə, iqtisadi durğunluq, miqrasiya böhranı, tarixi yaddaşın kölgədə qoyulması, milli və cinsi kimliklərin zəiflədilməsi və ictimai özünəməxsusluğun parçalanması ilə bağlı olan bu proseslər Avropanı hara aparır? Bütün dünya üçün inkişafın, azadlığın və demokratiyanın nümunəsi hesab edilən Avropa necə oldu ki, belə dərin dəyərlər böhranına qərq oldu və ümumiyyətlə, bu yol Avropa İttifaqını hara aparır?
Bu gün Avropa İttifaqının cəmiyyətin təbii, mədəni və tarixi əsaslarına tez-tez laqeyd yanaşması təəssüf doğuran və narahatlıq yaradan faktdır. Belə bir təəssürat yaranır ki, Avropa məkanı onu dünyada demokratiyanın və insan hüquqlarının qorunmasının rəmzinə çevirən həmin prinsiplərdən tədricən uzaqlaşır.
Gürcüstan – Avropa, Avropa İttifaqına üzvlüyə namizəd ölkə olaraq sizdən aydın cavab gözləyir – Avropa İttifaqının planı nədir? birliyin daxilində hadisələr hansı istiqamətdə inkişaf edir? və təkcə bizim deyil, digər Avropa ölkələrinin əhalisinin və ya siyasi liderlərinin də açıq şəkildə danışdığı bu narahatlıq doğuran proseslərin son nəticəsi nə olacaq?” – açıq məktubda qeyd olunub.