Üçüncü Şio – Xalqın sevincini də, ağrısını da bərabər bölüşməli, xidmət etməli və dayaq olmalıyıq, kilsənin qapısını geniş açmalıyıq, yaxınlarımızın gəlişini yalnız məbədin minbərində gözləməməliyik

15:20, 12.05.2026

 

Xalqın sevincini də, ağrısını da bərabər bölüşməli, xidmət etməli və onlara dayaq olmalıyıq, çünki kilsənin gücü yalnız sözdə deyil. Onun çağırışı Məsihə bənzər sevgidə və bir-birimizin yükünü daşımaqdadır. Biz kilsənin qapısını hər kəsə geniş açmalıyıq. Yaxınlarımızın gəlişini yalnız məbədin minbərində gözləməməliyik – bu haqda Gürcüstanın Müqəddəs Apostol Avtokefal Pravoslav Kilsəsinin rəhbəri, Zati-aliləri, Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta-Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum Abxaziya mitropoliti, Üçüncü Şio Svetitsxovelidə moizəsində deyib.

Onun sözlərinə görə, “ruhumuz məhz bu xidmətdə möhkəmlənər”.

“Müasir həyat bizi yeni çətinliklərlə üzləşdirir. İnsanların qəlbləri yadlaşıb və soyuyub. Min bir növ vəsvəsə imanı, mənəvi dəyərləri, ailəni və sevilən insanları əvəzləyir. Buna görə də, kilsənin rəhbərliyinin yükü ikiqat ağırdır. Sadiq və müdrik bəndə kimi bu dünyanın çağırışlarının öhdəsindən layiqincə gəlmək çətindir, lakin Məsihin imanını təbliğ etmək, onun canlı sözünü insanların qəlbinə çatdırmaq üçün daha çox səy, əmək zəruridir. Buna görə də xalqın sevincini də, ağrısını da bərabər bölüşməli, xidmət etməli və onlara dayaq olmalıyıq, çünki kilsənin gücü yalnız sözdə deyil. Onun çağırışı Məsihə bənzər sevgidə və bir-birimizin yükünü daşımaqdadır.

Biz kilsənin qapısını hər kəsə geniş açmalıyıq. Yaxınlarımızın gəlişini yalnız məbədin minbərində gözləməməliyik. Məbədin divarlarından kənarda da, kim bilir nankor övladlar kimi yanımıza gəlməyə cəsarət etməyən mənəvi övladlarımıza qucaq açmalıyıq. Məhz bu xidmətdə ruhumuz, məqsədimiz bərkiyər, çünki Rəbb bizə öyrədir ki, “Aranızda böyük olmaq istəyən, xidmətçiniz olsun”. Ölkənin sabahı və gələcəyi bizim övladlarımızdır. Onlar hər gün bizi müşahidə edir, dinləyir və bizdən öyrənirlər. Tez-tez həyatda fərqli yollar seçirlər, lakin yenə də övladımız olaraq qalırlar. Məhz onların bizim sevgimizə, qayğımıza və dəstəyimizə hər kəsdən çox ehtiyacı var. Onlarda Məsihin imanı, milli dəyərlər, ənənələrə hörmət, millət və kilsə qarşısında məsuliyyət hissi möhkəmlənməlidir. Bunu isə yenə də biz etməliyik. Elə yaşamalı və çalışmalıyıq ki, onlar üçün layiqli nümunəyə çevrilək və gələcəkdə ölkəmizin yekdil, mömin, Tanrı və yaxınlarının sevgisi ilə yoğrulmuş vətəndaşları olsun.

Təhsilin, ictimai həyatın və gündəlik fəaliyyətin yalnız quru biliyə deyil, həm də Məsihə bənzər sevgi və mənəvi dəyərlərə əsaslanması zəruridir ki, Müqəddəs Məktubun bizə öyrətdiyi kimi, “hamı bir olsun”. Məhz budur kilsə rəhbərinin yerinə yetirməli olduğu həvari yoluna sadiqlik və sevgiyə əsaslanan xidmət. Buna görə də, bu gün böyük həvari və mənəvi irsin qarşısında dayanaraq, məndən əvvəlki böyük Katolikos-patriarxların fədakarlığı qarşısında övladlıq sevgisi ilə diz çökürəm, onların müqəddəs ruhlarından mənə güc və kömək vermələrini diləyirəm ki, onlar kimi mən də xeyirxah çoban olaraq öz sürüm uğrunda canımı qoyum, patriarxlığın ağır xaçını “şirin boyunduruq və yüngül yük” kimi itaətlə daşıya bilim” – Üçüncü Şio bildirib.

Oxşar