Tbilisi meriyası məhdud imkanlara malik uşaqlar üçün beş proqram həyata keçirir
14 iyun Gürcüstanda məhdud imkanlara malik şəxslərin hüquqlarının müdafiəsi günüdür. Tbilisi meri Kaxa Kaladze bu gün keçirilən paytaxt hökumətinin iclasında məhdud imkanlara malik uşaqlar üçün munisipalitetin həyata keçirdiyi proqramlardan danışıb.
“Tbilisi Meriyasının Səhiyyə və Sosial Xidmətlər üzrə Şəhər İdarəsi məhdud imkanlara malik şəxslər üçün bir sıra proqramlar həyata keçirir. Onlardan olduqca vacib olan bir neçəsini qeyd etmək istərdim: Birinci, bu “Autizm spekti pozuntuları olan uşaqların abilitasiya proqramı”dır, proqramdan hazırda 1550 uşaq və yeniyetmə faydalanır ; Həmçinin “Məhdud imkanlara malik uşaq və yeniyetmələr üçün kurort xidmətləri proqramı” mühüm əhəmiyyət kəsb edir ki, bu proqram çərçivəsində bu il 800 lari dəyərində 2300-ə qədər kurort vauçeri verilib. Valideyn vauçer çərçivəsində Gürcüstanda istirahət yeri seçir, istər dağ, istərsə də dəniz kurortu olsun və meriyanın çeki çərçivəsində xidmətlər alır; “18 yaşınadək sosial cəhətdən həssas məhdud imkanlara malik şəxslər üçün 800 lari yardım proqramı” da mühüm əhəmiyyət kəsb edir ki, bu proqram çərçivəsində hər il 1300-ə qədər şəxs yardım alır; Bundan əlavə, meriya sosial cəhətdən həssas, kəskin məhdud imkanlara malik, görmə əngəlli insanlara yardım proqramı həyata keçirir və bu proqram çərçivəsində il ərzində 900 lari yardım göstəriləcək. Hər il 623 görmə əngəlli insan yardım alır”-deyə Kaxa Kaladze bildirib.
Bununla yanaşı, onun sözlərinə görə, Tbilisi meriyası məhdud imkanlara malik şəxslərin cəmiyyətə inteqrasiyası proqramını həyata keçirir, bu proqram çərçivəsində məhdud imkanlara malik şəxslərin və onların təmsilçi təşkilatlarının müraciətləri/layihələri maliyyələşdirilir.
“Bununla yanaşı, məhdud imkanlara malik şəxslər digər proqramların maliyyələşdirilməsi çərçivəsində prioritet qrupa aiddirlər. Biz həmçinin gələn ildən yeniliklər tətbiq etmək, yeni proqramlar həyata keçirmək və bu insanları dəstəkləmək üçün çalışırıq”- deyə Kaxa Kaladze bildirib.