İrakli Kobaxidze - Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə daha da yaxınlaşdırır, regionumuzun dünya ticarət və logistika şəbəkəsində strateji əhəmiyyətini gücləndirir
Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə daha da yaxınlaşdırır, regionumuzun dünya ticarət və logistika şəbəkəsində strateji əhəmiyyətini gücləndirir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasimində çıxışı zamanı deyib.
Hökumət başçısının sözlərinə əsasən, marşrutun tam fəaliyyətə başlaması ilə dəmir yolu xəttinin daşıma qabiliyyəti ildə beş milyon tona çatacaq, bu da regionun tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır və Orta Dəhlizin rəqabət qabiliyyətini daha da gücləndirir.
“Bu gün Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin rəsmi açılış mərasimində iştirak etməkdən şadam. Bu, tarixi əhəmiyyətli layihədir. Bu, Gürcüstan, Azərbaycan və Türkiyənin strateji tərəfdaşlığının və nümunəvi əməkdaşlığının daha bir bariz nümunəsidir. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttinin Gürcüstan hissəsi regionda həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir. Onun Marabdadan Türkiyə sərhədinədək uzunluğu 180 km təşkil edir, bunun da 153 km-lik relsi bərpa edilib və yenidən qurulub və 27 km uzunluğunda tamamilə yeni, müasir standartlara uyğun dəmir yolu xətti inşa edilib. 2017-ci ildən bu günə qədər sınaq rejimində fəaliyyət göstərən Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə pilot rejimdə 1.8 milyon tondan çox yük, o cümlədən 90 minə qədər konteyner daşınıb. Bu dövr ərzində yük daşımalarının artan dinamikası aydın şəkildə özünü göstərdi, bu da sözügedən nəqliyyat dəhlizinin iqtisadi və logistik əhəmiyyətini bir daha sübut edir. Bu dəmir yolu xətti Orta Dəhlizin ayrılmaz tərkib hissəsidir, Orta Dəhliz isə Avropa və Asiyanın bir-birinə bağlanmasında xüsusi önəm kəsb edir. Marşrutun tam fəaliyyətə başlaması ilə dəmir yolu xəttinin daşıma qabiliyyəti ildə beş milyon tona çatacaq, bu da regionumuzun tranzit imkanlarını əhəmiyyətli dərəcədə artırır və Orta Dəhlizin rəqabət qabiliyyətini daha da gücləndirir. Beynəlxalq ticarət marşrutlarının diversifikasiyasının və təhlükəsiz nəqliyyat şəbəkələrinin iqtisadi inkişafın əsas şərti olduğu qlobal çağırışlar və böhranlar fonunda bu layihə daha da böyük əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə daha da yaxınlaşdırır, regionumuzun dünya ticarət və logistika şəbəkəsində strateji əhəmiyyətini gücləndirir – baş nazir bildirib.