Bakı-Tbilisi-Qars yeni dəmir yolu xətti bu gündən etibarən rəsmən açıldı.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Abdulkadir Oraloğlu açılış tədbirində iştirak ediblər.
Bununla yanaşı, Gürcüstan hökumətinin üzvləri, deputatlar, diplomatik korpusun və tərəfdaş ölkələrin nümayəndələri, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan, həmçinin Özbəkistan və Qazaxıstandan olan qonaqlar tədbirə qatılıblar.
Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatına əsasən, yeni dəmir yolu xətti Avropa ilə Asiya arasında əlaqəliliyin gücləndirilməsində mühüm rol oynayan Gürcüstan, Azərbaycan və Türkiyənin birgə strateji layihəsidir.
“Yeni dəmir yolu marşrutu regionda əlavə daşıma qabiliyyəti yaradır, yük axını marşrutlarının diversifikasiyasına əhəmiyyətli dərəcədə töhfə verir və regionun əlaqəliliyini gücləndirir. Marabda-Kartsaxi dəmir yolu hissəsinin ümumi uzunluğu 180 kilometrdir. Layihə çərçivəsində 153 kilometrlik xətt bərpa edilib və yenidən qurulub, 27 kilometr uzunluğunda isə tamamilə yeni, Avropa standartlarına uyğun dəmir yolu magistralı inşa edilib. Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttində yük daşımalarının həcmi hər il artmaqdadır. Xəttin tam istismara verilməsi ilə layihənin daşıma qabiliyyəti 5 milyon tona qədər artacaq, bu da regiona əlavə yük axınlarını keçirmək imkanı verəcək və onun nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə gücləndirəcək. Qeyd olunmuş dəmir yolu hissəsinin tam istismara verilməsi Gürcüstanın Baş nazirinin Azərbaycanın paytaxtı Bakıya səfəri çərçivəsində, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tərəfindən ikitərəfli Əlaqələndirmə Şurasının protokolunun imzalanması nəticəsində mümkün oldu” – Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin məlumatında qeyd olunub.







