Seçki prosesində elektron texnologiyalardan istifadəyə dair hesabatın təqdimatı keçirilib
Seçki prosesində elektron texnologiyalardan istifadəyə dair hesabatın təqdimatı keçirilib

 

Mərkəzi Seçki Komissiyasının sədri Qiorqi Kalandarişvili seçki prosesində elektron texnologiyalardan istifadəyə dair hesabatın təqdimatını keçirib.

MSK sədri seçki prosesində elektron texnologiyaların tətbiqini nəzərdə tutan pilot layihə barədə vətəndaş sektorunun və siyasi partiyaların nümayəndələrinə ətraflı şəkildə məlumat verib və layihənin əsas aspektlərini müzakirə edib. Q.Kalandarişvilinin sözlərinə görə, pilot rejimdə səsvermə və elektron texnologiyalardan istifadə etməklə səslərin hesablanması prosesi ötən bir neçə seçkidə uğurla həyata keçirilib. O, həmçinin seçki prosesində elektron texnologiyaların tətbiqi perspektivləri və imkanları barədə də danışıb.

Elektron Seçkilərin Pilot Layihəsinin meneceri İrakli Xorbaladze pilot layihənin planlaşdırılması, həyata keçirilməsi və qiymətləndirilməsi prosesinin üzərindən keçib, bundan sonra isə diskussiya keçirilib.

“Gürcüstanda, seçki prosesində elektron texnologiyalardan istifadə bu vasitələrdən istifadənin böyük perspektivi olduğunu göstərdi. Müvafiq olaraq, bu gün biz elektron texnologiyaların genişmiqyaslı istifadəsi ilə bağlı ətraflı diskussiya və müzakirələrə başladıq. Məhz bu gün biz son iki il ərzində seçki prosesində texnoloji vasitələrdən istifadənin bərabərində gətirdiyi nəticələrlə bağlı yerli və beynəlxalq təşkilatlara, siyasi partiyalara hesabat təqdim etdik. Qeyd etmək lazımdır ki, aprelin 2-də, Batuminin seçki dairəsi üzrə 14 seçki məntəqəsinin hamısında səsvermə və səs sayma aparatları ilə birlikdə , seçicilərin verifikasiyası aparatlarından da kompleks şəkildə ilk dəfə istifadə edildi və əminliklə deyə bilərik ki, pilot layihəsi çərçivəsində qarşılaşdığımız kiçik texniki çətinliklərə baxmayaraq bu layihə uğurlu alındı. Bu, pilot layihə idi, müvafiq təcrübə qazandıq və hesab edirəm ki, administrasiyanın 5 seçki zamanı istifadə etdiyi müxtəlif texniki vasitələrdən qazandığı istifadə təcrübəsi bizə texnoloji vasitələrin genişmiqyaslı istifadəsi üzərində düşünmək və müzakirə etmək imkanı verir” – deyə MSK sədri bildirib.

Tədbir Seçki Sistemlərinin Beynəlxalq Fondunun (IFES) dəstəyi ilə bu gün “Sheraton Grand Tbilisi Metekhi Palace” mehmanxanasında keçirilib.