Nikoloz Ğipşidze - Saakaşvilinin həkimləri ilə görüşdüm, optimal müalicə aparıldığı qənaətinə vardıq
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin şəxsi həkimi Nikoloz Ğipşidze və nevroloq Otar Toidze “Vivamed” klinikasında Saakaşvilini müalicə edən həkimlərlə görüşüblər.
Nikoloz Ğipşidze klinikadan çıxdıqdan sonra jurnalistlərə Saakaşvilinin optimal müalicə aldığını hesab etdiyini bildirib.
Bununla yanaşı, Nikoloz Ğipşidze bildirir ki, Saakaşvilinin özünü ziyarət etməyə imkan verilməyib.
“Baş həkim, professor Çxaidze və müalicə edən həkimlərlə, eləcə də bir neçə şöbənin rəhbəri ilə görüş keçirdik. Prezidentin müalicə kursunun, onun necə müalicə edildiyinin üzərindən keçdik. Növbəti testləşmə, nə vaxt və nə edilməli olduğu barədə plan qurduq. Hansı tədqiqatlardan bəhs edildiyini ətraflı şəkildə sizə deyə bilmərəm. Optimal müalicə aparıldığı qənaətinə vardıq. Bütöv bir briqada , müxtəlif peşələrin həkimləri – nevropatoloq, daxili xəstəliklər həkimi, qastroenteroloq, cərrah və s. var. Penitensiar xidmət məni içəri buraxmadığı üçün onun səhhəti ilə bağlı məlumat verə bilmərəm. Həkim mənə məktub verdi, məktubda “həkim Ğipşidzenin məni ziyarət etməsinə icazə verin” yazılıb, lakin sonra Penitensiar xidmət ora-bura zəng etdi və mənə yox cavabı verdilər. Səbəbi açıqlamadılar”- deyə Nikoloz Ğipşidze bildirib.