Mariupoldan təxliyə edilən Gürcüstan vətəndaşları Lvovdan Polşaya yola düşəcəklər
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Mariupol şəhərindən təxliyə edilən Gürcüstan vətəndaşları Lvovdan Polşaya yola düşəcəklər.
“Dövlət Ukraynadan təxliyə edilmiş Gürcüstan vətəndaşlarının mütəşəkkil şəkildə vətənə qayıtması və onlara yerindəcə köməklik göstərilməsi prosesini davam etdirir. Bu gün Rivno şəhərindən Lvov şəhəri istiqamətində mütəşəkkil şəkildə Mariupoldan təxliyə edilmiş Gürcüstan vətəndaşlarının daşınması həyata keçirildi, Lvovdan isə onlar artıq Polşa istiqamətində, Varşavaya yola düşəcəklər.
Çətinliklərə baxmayaraq, Gürcüstanın Ukraynadakı səfirliyi Mariupolda olan Gürcüstan vətəndaşlarının bu qrupu ilə həmişə əlaqə saxlayıb” – deyə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.
Onların verdiyi məlumata görə, son 24 saat ərzində 60 Gürcüstan vətəndaşı Ukrayna ərazisindən, konkret olaraq Lvov və Odessadan qonşu dövlətlərə çıxarılacaq, daha sonra isə onlar Gürcüstana gələcəklər.
“Ukraynada hərbi əməliyyatlar başlayan gündən Gürcüstanın həm Ukrayna ərazisində, həm də qonşu ölkələrdəki diplomatik nümayəndəlikləri fövqəladə vəziyyət rejiminə keçib. Gürcüstanın baş nazirinin fərmanı ilə diplomatik nümayəndəliklərə Ukraynadan təxliyə edilmiş Gürcüstan vətəndaşlarına ilkin yardım göstərilməsi və onların vətənə qayıtmasını təşkil etməyə dair tapşırıq verilib. Bu vaxta olan məlumata görə, dövlət 2 mindən artıq vətəndaşın mütəşəkkil şəkildə vətənə qayıtmasını təmin edib.
Həmçinin, məlum olduğu kimi, dövlət Ukraynada həlak olmuş gürcü döyüşçülərin vətənə qaytarılmasını təmin edəcək” -deyə Gürcüstan XİN-də bildiriblər.