Əfqanıstanın paytaxtı Kabil bu gün baş verən partlayışın qurbanlarının sayı 95-ə çatıb. Hadisə nəticəsində daha 158 nəfər xəsarət alıb. Daha öncə 63 nəfərin öldüyü, 151 nəfərin yaralandığı bildirilirdi.
Partlayışa görə, məsuliyyəti Taliban qruplaşması öz üzərinə götürüb. Terror aktını təşkil etməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Partlayış diplomatik nümayəndəliklərin və dövlət idarələrinin yerləşdiyi ərazidə törədilib. Partlayışı törədən intiharçı-terrorçu təcili tibbi yardım avtomobili ilə hərəkət edirdi. O, birinci buraxılış məntəqəsini, hüquqmühafizəçiləri aldadaraq keçə bildi, güya xəstəxanaya pasient aparırdı. İkinci buraxılış məntəqəsində isə partlayıcı qurğunu işə saldı.