İyunun 1-dən sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün yardım 150 lariyə qədər artırılacaq
İyunun 1-dən sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün yardım 150 lariyə qədər artırılacaq

 
İyunun 1-dən sosial müdafiəyə ehtiyacı olan uşaqlar üçün yardım mövcud 100 lari əvəzinə, 150 lari olacaq- bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumətin bugünkü iclasında bildirib.

Ğaribaşvilinin sözlərinə görə, bu qərar 215 mindən çox uşağa şamil olunacaq.

“Uşaq hüquqlarının müdafiəsi ilə söhbətə başlamaq istərdim. Bildiyiniz kimi, onların qayğısına qalmaq, sosial vəziyyəti yaxşılaşdırmaq komandamızın əsas qayəsidir və bu istiqamətdə bir sıra addımlar atmışıq. Bir il əvvəl mənim qərarımla sosial müdafiəyə ehtiyacı olan uşaqlara edilən yardımı 2 dəfə artırdıq, bu qəraradək 50 lari idi və 100 lari oldu, bu gün isə iyunun 1-dən yardımın 150 lari olması qərarını verdik. Yəni sözü gedən yardım hər bir uşaq üçün 150 lari təşkil edəcək.

Həmçinin, onu da demək istərdim ki, cari ildə bu istiqamətdə ümumi büdcə 341 milyon lari olacaq, bu yardım gələn il də davam edəcək və qərar vermişik ki, bu yardım hər il davam etsin. Uşaqlara qayğı göstərmək bizim birbaşa qayəmizdir. Sosial müdafiəyə ehtiyac duyan insanların vəziyyəti hamımızı narahat edir. Qərar 215 mindən çox uşağa şamil olunacaq. Həmçinin, digər yardım növləri göstərməyi, o cümlədən sosial müdafiəyə ehtiyac duyan insanlarla bağlı başqa proqramlar, məsələn, məşğulluq proqramı və s. başlatmağı və artırmağı planlaşdırdığımızı bilirsiniz” -deyə İrakli Ğaribaşvili bildirib.