Gürcüstanın Xarici İşlər Nazirliyi - Ukraynadan təxliyə edilmiş Gürcüstan vətəndaşlarının vətənə qaytarılması prosesi mərhələli şəkildə davam edir
Gürcüstanın Xarici İşlər Nazirliyi - Ukraynadan təxliyə edilmiş Gürcüstan vətəndaşlarının vətənə qaytarılması prosesi mərhələli şəkildə davam edir

 

Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Rumıniyada olan 40-a yaxın Gürcüstan vətəndaşı quru yoluyla Gürcüstana qayıdıb. Bu gün Rumıniyadan əlavə 50 Gürcüstan vətəndaşının mütəşəkkil şəkildə vətənə qaytarılması prosesi baş tutacaq. Cari həftə həmçinin Polşadan da vətəndaşların vətənə mütəşəkkil şəkildə qaytarılması planlaşdırılır , Polşadan ümumilikdə 150-dək ​​Gürcüstan vətəndaşı dövlətin köməyi ilə vətənə qayıdacaq – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayır.

Qurumun məlumatına görə, vətəndaşların Ukrayna ərazisindən qonşu dövlətlərə, əsasən də Lvovdan Varşava istiqamətində avtobusla mütəşəkkil şəkildə təxliyəsi də həmçinin həyata keçirilir.

” Martın 15 və 16-da əlavə reyslər həyata keçiriləcək, indiyədək dövlətin səyləri ilə ümumilikdə 500 Gürcüstan vətəndaşı Lvovdan Varşava istiqamətində təxliyə edilib. Gürcüstanın Baş Konsulluğu tərəfindən Odessadan vətəndaşların mütəşəkkil şəkildə təxliyyəsi həyata keçirilir.

Ukraynadan təxliyə edilən Gürcüstan vətəndaşlarına Ukraynaya həmsərhəd ölkələrdə yerləşən Gürcüstan səfirlikləri tərəfindən ilkin yardım göstərilir, daha sonra isə onlar Gürcüstana göndərilir.

Gürcüstan hökumətinin tapşırığına əsasən, Gürcüstanın Ukraynadakı səfirliyi, Odessadakı Baş Konsulluğu və Lvovdakı Konsulluq məntəqəsi fövqəladə rejimdə fəaliyyətini davam etdirir və Gürcüstan vətəndaşlarına yardım göstərir. Həmçinin Gürcüstanın Ukrayna ilə həmsərhəd ölkələrdə – Rumıniya, Polşa, Moldova, Slovakiya və Macarıstandakı diplomatik nümayəndəlikləri fövqəladə rejimdə fəaliyyət göstərir.

Onlar Ukraynadan qonşu ölkələrə vətəndaşları köçürür, sonra da Gürcüstana göndərirlər. Hazırda 1600-ə yaxın vətəndaş dövlətin köməyi ilə Ukraynadan müxtəlif ölkələrə keçirilmək vasitəsilə Gürcüstana qayıdıb” -deyə Gürcüstan XİN-dən bildiriblər.