Co Bayden administrasiyasının yeni milli təhlükəsizlik strategiyasında Gürcüstanın Avropa istəklərinin dəstəklənilməsindən də bəhs edilir
Co Bayden administrasiyasının yeni milli təhlükəsizlik strategiyasında Gürcüstanın Avropa istəklərinin dəstəklənilməsindən də bəhs edilir

 

ABŞ prezidenti Co Bayden administrasiyasının yeni milli təhlükəsizlik strategiyasında Gürcüstanın Avropa istəklərinin dəstəklənilməsindən də bəhs edilir. Sənədin Avropa ilə müttəfiqliyin dərinləşdirilməsinin vurğulandığı fəsillərindən birində ABŞ-ın Gürcüstanın Avropa istəklərini və onun vacib institusional islahatlara sadiqliyini dəstəkləyəcəyi qeyd olunur.

“Ukraynanı dəstəklədiyimiz kimi, həmçinin digər demokratik ölkələrin sabitliyini və möhkəmliyini gücləndirməyə çalışacağıq. Biz Gürcüstan və Moldovanın Avropa istəklərini və onların vacib institusional islahatlara sadiqliyini dəstəkləyəcəyik. Tərəfdaşlarımıza Qərbi Balkanlarda demokratik institutları, qanunun aliliyini və iqtisadi inkişafı gücləndirməyə kömək edəcəyik. Cənubi Qafqazdakı münaqişənin həlli üçün diplomatik səyləri dəstəkləyəcəyik. Türkiyənin Qərblə strateji, siyasi, iqtisadi və institusional əlaqələrini gücləndirmək üçün onunla əməkdaşlığı davam etdirəcəyik. Rusiyanın Ukraynada müharibəsi nəticəsində yaranmış qaçqın böhranını idarə etmək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyəcəyik. Avropaya qarşı terror təhdidlərinin qarşısını almaq üçün çalışacağıq”- deyə ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasında qeyd olunur.