Hüquq Komitəsi “Xarici təsirin şəffaflığı” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib
Hüquq Komitəsi “Xarici təsirin şəffaflığı” qanun layihəsini üçüncü oxunuşda dəstəkləyib

 
Parlamentin Hüquq Komitəsi iclasda “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirə edib və dəstəkləyib.

İclas başladıqdan bir neçə dəqiqə sonra başa çatıb. Müxalifətin nümayəndələri iclas zalında olmayıblar.

Hüquq Məsələləri Komitəsinin sədri Anri Oxanaşvili səsvermə başlamazdan əvvəl, reqlamentə əsasən, qanun layihəsinin üçüncü oxunuşunun redaksiya xarakteri daşıdığını izah edib.

“Bildiyiniz kimi, bu gün biz üçüncü oxunuşda, müəyyən edilmiş qaydada “Xarici təsirin şəffaflığı haqqında” paketin redaksiya xarakteri daşıyan müzakirəsini aparacağıq. Üçüncü oxunuş çərçivəsində, məzmun dəyişiklikləri müzakirə edilmir, reqlamentin nəzərdə tutduğu kimi, yalnız redaksiya xarakteri daşıyan şərhlər mümkündür”-deyə Anri Oxanaşvili bildirib.

Komitə iclasında iştirak edən deputatların qanun layihəsi ilə bağlı hər hansı irad və sualları olmadığı üçün məsələ səsə qoyularaq komitə tərəfindən dəstəklənib.

“Layihə komitədə iştirak edən üzvlər tərəfindən dəstəkləndi. Komitənin iclası başa çatdı”- deyə Anri Oxanaşvili bildirib.

Dəyişikliklər gəlirinin müəyyən hissəsini- 20 faizdən çoxunu xaricdən əldə edən qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin və media vasitələrinin “xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat” kimi qeydiyyata alınmasını nəzərdə tutur.

Qanun layihəsinə əsasən, “xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat” hesab edilən hamı Dövlət Reyestrində eyni adlı bazada məcburi qaydada qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı isə əldə edilmiş gəliri əks etdirmək zəruri olacaq.

Eyni zamanda, dəyişikliklərlə təşkilatların hər il maliyyə bəyannaməsini doldurmaq öhdəliyi olacaq. Qanun layihəsi Ədliyyə Nazirliyinə “xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat”ı müəyyən etmək üçün istənilən vaxt araşdırma aparmaq və məsələnin öyrənilməsini-monitorinqini həyata keçirmək səlahiyyəti verir.

Bununla yanaşı, layihəyə əsasən, monitorinqin başladılması üçün Ədliyyə Nazirliyinin müvafiq səlahiyyətli şəxsinin qərarı və “xarici qüvvənin maraqlarını həyata keçirən konkret təşkilatla bağlı müvafiq işarələri ehtiva edən” müraciətin Ədliyyə Nazirliyinə təqdim edilməsi əsas olacaq. Monitorinqi həyata keçirmək məqsədilə isə Ədliyyə Nazirliyinin səlahiyyətli şəxsi qanuna müvafiq şəkildə, zəruri məlumatları, o cümlədən şəxsi məlumatları axtarmaq hüququna malik olacaq. Eyni subyektlə bağlı monitorinqin həyata keçirilməsinə yalnız altı ayda bir dəfə icazə veriləcək.

“Xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat” kimi qeydiyyatdan yayınmaq və ya bəyannaməni doldurmamaq təşkilatın 25 min lari məbləğində cərimələnməsi ilə nəticələnəcək.
Layihədə həmçinin aşağıdakı cərimə növləri də nəzərdə tutulub: Təşkilat Ədliyyə Nazirliyinin veb saytına daxil edildiyi gündən on iş günü ərzində müraciət formasını doldurmadıqda – 10 min lari;
Müəyyən edilmiş müddətdə sənədlərdəki xətalar aradan qaldırılmazsa, cərimə 10 min lari olacaq;
Qanunda nəzərdə tutulmuş hüquq pozuntusunun bir aydan sonra törədilməsi 20 min lari məbləğində cərimələnmə ilə nəticələnəcək.

Aprelin 29-da Hüquq Komitəsində müzakirə zamanı məsələnin məruzəçiləri, qanun layihəsinin ikinci maddəsinə bəzi dəyişikliklər edildiyini qeyd ediblər. Konkret olaraq, ikinci maddənin birinci bəndinin b, q və d yarımbəndlərinə “qeyri-kommersiya” sözü əlavə edilib.