Parlament "Xarici təsirin şəffaflığı" qanun layihəsini birinci oxunuşda dəstəkləyib
Parlament "Xarici təsirin şəffaflığı" qanun layihəsini birinci oxunuşda dəstəkləyib

 
Gürcüstan Parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini 83 lehinə, 0 əleyhinə səslə dəstəkləyib.

Bugünkü plenar iclasda qanun layihəsi birinci oxunuşda səsə qoyulub. Parlamentin 83 üzvü qeydiyyatdan keçib.

Dəyişikliklər gəlirinin müəyyən hissəsini- 20 faizdən çoxunu xaricdən əldə edən qeyri-sahibkar (qeyri-kommersiya) hüquqi şəxslərin və media vasitələrinin qeydiyyata alınmasını nəzərdə tutur.

Qanun layihəsinə əsasən, “xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat” hesab edilən hamı Dövlət Reyestrində eyni adlı bazada məcburi qaydada qeydiyyatdan keçməlidir. Qeydiyyat zamanı isə əldə edilmiş gəliri əks etdirmək zəruri olacaq.

Eyni zamanda, dəyişikliklərlə təşkilatların hər il maliyyə bəyannaməsini təqdim etmək öhdəliyi olacaq. Qanun layihəsi Ədliyyə Nazirliyinə “xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat”ı müəyyən etmək üçün istənilən vaxt araşdırma aparmaq və məsələnin öyrənilməsini-monitorinqini həyata keçirmək səlahiyyəti verir.

Bununla yanaşı, layihəyə əsasən, monitorinqin başladılması üçün Ədliyyə Nazirliyinin müvafiq səlahiyyətli şəxsinin qərarı və “xarici qüvvənin maraqlarını həyata keçirən konkret təşkilatla bağlı müvafiq işarələri ehtiva edən” müraciətin Ədliyyə Nazirliyinə təqdim edilməsi əsas olacaq. Monitorinqi həyata keçirmək məqsədilə isə Ədliyyə Nazirliyinin səlahiyyətli şəxsi qanuna müvafiq şəkildə, zəruri məlumatları, o cümlədən şəxsi məlumatları axtarmaq hüququna malik olacaq. Eyni subyektlə bağlı monitorinqin həyata keçirilməsinə yalnız altı ayda bir dəfə icazə veriləcək.

“Xarici qüvvənin maraqlarını həyata keçirən təşkilat” kimi qeydiyyatdan yayınmaq və ya bəyannaməni təqdim etməmək təşkilatın 25 min lari məbləğində cərimələnməsi ilə nəticələnəcək.
Layihədə həmçinin aşağıdakı cərimə növləri də nəzərdə tutulub: Təşkilat Ədliyyə Nazirliyinin veb saytına daxil edildiyi gündən on iş günü ərzində müraciət formasını doldurmadıqda – 10 min lari;
Müəyyən edilmiş müddətdə sənədlərdəki xətalar aradan qaldırılmazsa, cərimə 10 min lari olacaq;
Qanunda nəzərdə tutulmuş hüquq pozuntusunun bir aydan sonra törədilməsi 20 min lari məbləğində cərimə ilə nəticələnəcək.