Zurab Azaraşvili - ümumi səhiyyə proqramında xərçəngin vaxtında diaqnozuna imkan verən yüksək texnologiyalı müayinələrin xərclərini nəzərə almağı planlaşdırırıq
Zurab Azaraşvili - ümumi səhiyyə proqramında xərçəngin vaxtında diaqnozuna imkan verən yüksək texnologiyalı müayinələrin xərclərini nəzərə almağı planlaşdırırıq

 

Səhiyyə naziri Zurab Azaraşvili parlamentdə əhalinin səhiyyə xidmətlərinə çıxışının artırılmasını təmin etmək üçün gələcək planlardan da danışıb.

Səhiyyə nazirinin sözlərinə görə, insult və travmadan sonrakı reabilitasiya paketinin yaradılması üzrə mütəxəssislərlə aktiv iş aparılır ki, bu da dövlət tərəfindən maliyyələşdiriləcək. Bundan əlavə, xərçəngin erkən diaqnozunun maliyyələşdirilməsi prioritetdir.

“Ölkə statistikası göstərir ki, 2020-ci ildə qeydiyyata alınan 9435 yeni haldan, I və II mərhələdə yalnız 41%-nə diaqnoz qoyulub. Ümumi səhiyyə proqramında ,pasiyentə və həkimə xərçəng diaqnozunu vaxtında qoymağa imkan verəcək yüksək texnologiyalı müayinələrin xərclərini nəzərə almağı planlaşdırırıq. Xoşbəxtlikdən, Gürcüstanda yüksək texnologiyalı tədqiqat imkanları, o cümlədən nüvə təbabəti tədqiqat metodu və xərçəng diaqnozunun qoyulmasında alternativi olmayan PET/KT sürətlə inkişaf edir. Nazirlik PET -in çəkilməsinin ümumi səhiyyə proqramına inteqrasiyası üzərində işləyir ki, bu da bizə real olaraq xərçəngin gec diaqnozu ilə bağlı bir sıra fəsadların qarşısını almağa və pasiyentlərin sağ qalma göstəricisini yaxşılaşdırmağa imkan verəcək. Bu, vətəndaşlarımıza tam maliyyələşmə və ya kiçik müştərək ödənişlə bu xidmətlərdən istifadə etməyə imkan verəcək” – deyə Zurab Azaraşvili bildirib.

Nazirin sözlərinə görə, ümumi səhiyyə proqramı çərçivəsində pasiyentin ehtiyaclarına sürətlə cavab verilməsi üçün gözləmə müddəti maksimal şəkildə azaldılacaq, hazırda bu müddət 2 ayı təşkil edir. Zurab Azaraşvili vurğulayıb ki, vətəndaşlar onlara məxsus tibbi xidmətləri görmək üçün gözləməli olmayacaqlar. Səhiyyə naziri Gürcüstan vətəndaşlarının xaricdə müalicə edilməsi məsələlərindən də danışıb və nazirliyin Türkiyə, Almaniya və İsrail klinikaları ilə əməkdaşlığı genişləndirdiyini diqqətə çatdırıb.

“Gürcüstan vətəndaşlarının xaricdə hələlik Gürcüstanda mümkün olmayan xidmətlərə çıxışını daha yaxşı təmin etmək üçün nazirlik pasiyentlərin daha çox müraciət etdiyi klinikalarla əməkdaşlığı genişləndirib. Nazirlik xaricdə fəaliyyət göstərən gürcü həkimlərin Gürcüstanda gedən tibbi proseslərdə fəal iştirakını alqışlayır və təşviq edir. Biz dünyanın ən yaxşı klinikalarında işləyən, peşəkar məsləhətləri və təcrübəsi ilə Gürcüstanda çalışan həkimlərə, eləcə də pasiyentlərə ciddi köməklik göstərə bilən həmvətənlərimizlə işləməkdən qürur duyuruq. Bu il bu məqsədlər üçün xaricdə fəaliyyət göstərən gürcü həkimlərdən ibarət konsaltinq qrupu artıq yaratmışıq” -deyə Zurab Azaraşvili bildirib.