Volodimir Zelenski - Ukraynanı bu gündən bərpa etmək lazımdır
Volodimir Zelenski - Ukraynanı bu gündən bərpa etmək lazımdır

 

Ukraynanı bu gündən bərpa etmək lazımdır, – bu bəyanatı Ukrayna prezidenti Volodimir Zelenski növbəti videomüraciəti zamanı verib. Onun sözlərinə görə, çoxları müharibədən sonra Ukraynanın bərpasının zəruriliyindən danışır, lakin Zelenski Ukraynanın bərpasının indi zəruri olduğunu və demokratik dünyanın bu işdə Kiyevə kömək edəcəyini hesab edir.

Ukrayna prezidenti həmçinin müraciətində Ukrayna Silahlı Qüvvələrinin ölkə torpaqlarını işğalçılardan azad etməkdə davam etdiyini bildirib.

“Azad edilmiş bütün yaşayış məntəqələri dağıdılıb. Bu o deməkdir ki, onların infrastrukturunun yenidən qurulması böyük vəsait tələb edir. Tibbi xidmətləri qaytarmaq, sosial xidmətləri bərpa etmək, normal iqtisadi həyata qayıtmaq zəruridir. İşğaldan azad edilmiş ərazilərdə yalnız dağılmış evlərin sayı on minlərlədir. Həmçinin məktəbləri və universitetləri mütəmadi hücum təhlükəsi altında başlamalı olan yeni tədris ilinə hazırlamaq lazımdır” – deyə Zelenski bildirib.

Ukrayna Prezidenti cəbhə xəttində vuruşan və düşməni qeyri-insani səylər bahasına dəf edən hərbçilərə bir daha təşəkkür edib.

“Son 24 saat ərzində cəbhə xəttindəki vəziyyətdə ciddi dəyişiklik yoxdur. Düşmən sərhədyanı ərazilərdə, o cümlədən Sumı, Xarkov şəhəri və vilayəti, eləcə də Donbasda terror əsdirməyə davam edir. Ukrayna Silahlı Qüvvələri cavab verir, təzyiqləri davam etdirir və işğalçıların hücum potensialını günü-gündən məhv edir. Biz onların ruhunu qırmalıyıq. Bu, vaxt və qeyri-insani səylər tələb edir. Lakin başqa alternativimiz yoxdur. Bu müstəqilliyimizə, gələcəyimizə və bütün Ukrayna xalqının taleyinə aiddir”- deyə Zelenski bildirib.