Volodimir Zelenski - Rusiyanın genişmiqyaslı müdaxiləsi ilə bağlı xəbərdarlıqlara baxmayaraq, qərbli tərəfdaşlar Ukraynanı silah ilə təmin etmədilər və hava məkanını bağlamadılar
Rusiyanın genişmiqyaslı müdaxiləsi ilə bağlı xəbərdarlıqlara baxmayaraq, qərbli tərəfdaşlar Ukraynanı silah ilə təmin etmədilər və hava məkanını bağlamadılar-Ukrayna mətbuatının məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski alman teleşirkətinə müsahibəsində bildirib.
Mətbuatın məlumatına görə, Ukrayna prezidentinə qış dövründə Volodimir Zelenskinin Rusiya tərəfindən müharibə ehtimalı ilə bağlı xəbərdarlıqları eşitmək istəmədiyini deyən ABŞ prezidentinin bəyanatı ilə bağlı sual ünvanlayıblar.
“Məni eşitsəydilər, Ukraynanın Rusiya Federasiyasının müdaxiləsini dayandırmaq üçün daha çox şansı olardı. Bəhs etdiyiniz siqnalların hamısı fərqli idi. Əgər hər şey belə idisə, əgər hamı Ukraynaya sabah tammiqyaslı işğal olacağı barədə xəbərdarlıq edirdisə, sual yaranır ki, niyə hava məkanı bağlanmayıb, müdaxilədən əvvəl niyə bizə silah verilməyib və Rusiya prezidentinə xəbərdarlıq etmək üçün niyə prevensiyal sanksiyalar tətbiq edilməyib” –deyə Zelenski bildirib.
Zelenski hesab edir ki, Ukrayna avropalı və amerikalı liderlərə əks suallar verməlidir, çünki Ukrayna hökuməti sanksiyalar tətbiq edilməsini tələb edib və tərəfdaş ölkə ilə Qara Dəniz Donanmasının yaradılması strategiyasını da təqdim edib.
“Biz bunu təklif etdik, Rusiyanın Qara dənizi blokadaya salacağını deyirdik. Həmçinin, raket proqramı haqqında danışırdıq. Mən bir il əvvəl bu barədə məruzə etdim və özümüzü müdafiə etmək üçün hansı hava hücumundan müdafiə sisteminə ehtiyacımız olduğuna dair proqram təqdim etdim və bu, sualınıza düzgün cavabdır. Gəlin səmimi olaq-biz buna hazırlaşırdıq, əvvəldən heç kim bizi dəstəkləmirdi, indi isə mən bütün tərəfdaşlara bizə verdiyi dəstəyə görə minnətdaram” – deyə Ukrayna prezidenti bildirib.