Volodimir Zelenski-Rusiya qonşu ölkələri qorxuya salmaq (terror etmək) imkanından məhrum edilməlidir, bir sonrakı Gürcüstan, Moldova, Polşa, Baltikyanı və Mərkəzi Asiya ölkələri ola bilər

 
Rusiya qonşu ölkələri qorxuya salmaq (terror etmək) imkanından məhrum edilməlidir. Bu təkcə Ukraynaya aid deyil. Bir sonrakı Gürcüstan, Moldova, Polşa, Baltikyanı və Mərkəzi Asiya ölkələri ola bilər- Ukrayna prezidenti Volodimir Zelenski Litva parlamentinə videomüraciətində bu barədə bildirib.

Onun sözlərinə görə, Rusiyanın real planları hamıya aydındır və Ukrayna sadəcə başlanğıcdır.

“Rusiya dövləti bu müharibəyə görə məsuliyyət daşımalıdır. Rusiya rəsmiləri və hərbi komandirlər hərbi cinayətlərə görə məsuliyyət daşıyırlar və törətdiklərinə görə cavab verməlidirlər. Bütün deportasiya təşkilatçıları və icraçıları məsuliyyətə cəlb edilməlidir. Rusiya qonşu ölkələri qorxuya salmaq (terror etmək) imkanından məhrum edilməlidir. Bu təkcə bizə, Ukraynaya aid deyil. Rusiyanın real planları hamıya aydındır. Ukrayna sadəcə başlanğıcdır. Bir sonrakı Allah eləməsin, lakin bir sonrakı sizin dövlətdir, digər Baltikyanı ölkələr, Moldova, Gürcüstan, Polşa və Mərkəzi Asiya ölkələridir. Artıq Moskvadan Finlandiya və İsveçə yönəlik təhdidlər eşidilir. Əgər Avropa hələ də Ukraynada baş verənləri belə dayandıra bilmirsə, o zaman Rusiyanın daha da genişlənməsini necə dayandıra bilər axı?” – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, hazırda Avropanın Rusiyanın təcavüzünə cavabının həqiqətən güclü və möhkəm olması üçün hər şey edilməlidir.

Prezident qeyd edib ki, Rusiyaya qarşı yeddinci, səkkizinci, doqquzuncu, onuncu və ya iyirminci sanksiyalar zərfini gözləmək olmaz. Onun sözlərinə görə, hər şey altıncı sanksiyalar zərfində edilməlidir.