Volodimir Zelenski - Rusiya Avropaya qarşı açıq qaz müharibəsi aparır
Volodimir Zelenski - Rusiya Avropaya qarşı açıq qaz müharibəsi aparır

 
Rusiya Avropaya qarşı açıq qaz müharibəsi aparır-bu barədə
Ukrayna prezidenti Volodimir Zelenski gündəlik video müraciətində bildirib. O, Rusiya tərəfindən Avropaya qaz tədarükünün azaldılmasını terror forması adlandırıb və Aİ-ni bu şantaja daha sərt sanksiyalarla cavab verməyə çağırıb.

“Bu gün biz Avropaya yönəlik qazla bağlı növbəti təhdidin şahidi olduq. “Şimal axını” üçün turbin məsələsində güzəştlərin edilməsinə baxmayaraq, Rusiya Avropa ölkələrinə qaz tədarük etmək niyyətində deyil, halbuki, müqavilələrə əsasən bunu etməyə borcludur. Rusiya avropalıların qışa hazırlığını çətinləşdirmək üçün bütün bunları məqsədyönlü şəkildə edir. Bu, Rusiyanın birləşmiş Avropaya qarşı apardığı açıq qaz müharibəsidir. Limanların blokadaya alınmasının səbəb olduğu aclıqdan və ya qışın soyuğundan, yoxsulluqdan, işğaldan insanlara nə olacağı, necə əziyyət çəkəcəkləri onları maraqlandırmır. Bu, sadəcə olaraq terrorun fərqli bir formasıdır. Bunun üçün əks zərbə lazımdır. Hansısa turbinin necə qaytarılacağını deyil, sanksiyaları gücləndirməyi; Rusiyanın təkcə qaz və neftdən deyil, qalan ixracdan da gəlirlərini məhdudlaşdırmaq üçün mümkün olan hər şeyi etməyi düşünmək lazımdır. Rusiya ilə ticarət əlaqələri maksimal şəkildə kəsilməlidir, çünki istənilən belə bir əlaqə Rusiya üçün potensial təzyiq vasitəsidir” – deyə Zelenski bildirib.

Ukrayna prezidenti, Rusiyanın enerji təhdidinin Aİ-nin səkkizinci sanksiyalar paketinin daha güclü olması üçün stimul ola biləcəyini bildirib.