Volodimir Zelenski - əraziləri güzəştə getməyə hazır deyilik, bunu etməyəcəyimi dəqiq bilirəm, bacardığımız qədər dayanmalıyıq
Volodimir Zelenski - əraziləri güzəştə getməyə hazır deyilik, bunu etməyəcəyimi dəqiq bilirəm, bacardığımız qədər dayanmalıyıq

 
Heç kim müharibənin mahiyyətini yaxınlarını itirən insanlar qədər dərindən başa düşmür-Volodimir Zelenski bu bəyanatı “CBS” telekanalında “60 dəqiqə” verlişində verib.

“Müharibəni kim başa düşür? Bu müharibədə nəyisə itirənlər. Ən çox bu müharibədə yaxınlarını itirənlər başa düşürlər. Mən yaxın insanları itirməmişəm. Müharibənin bütün təfərrüatlarını bilməsəm də, prezident olduğum üçün müharibəni adi insanlardan daha dərindən bilirəm. Hər şeyi yaxınlarını itirmiş insanlar kimi hiss edirəm, lakin ailəmi itirməmişəm, buna baxmayaraq bu müharibənin nəyə başa gəldiyini bilirəm” – deyə Ukrayna prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, əcnəbilərin Rusiya-Ukrayna müharibəsinin bütün miqyasını anlamaları üçün onlar indi Ukraynaya gəlib hər şeyi öz gözləri ilə görməlidirlər.

“60 dəqiqə” verilişinin aparıcısı Ukrayna prezidentinə Buça haqda sual ünvanlayıb.

“Ölüm, sadəcə ölümü gördüm. Şəhərdə 300 min insan yaşayırdı, sadəcə ölümü görürsən, çünki küçələr boşdur. Texnika tərk edilib. Rusiya hərbçilərinin, Ukrayna hərbçilərinin, adi vətəndaşların avtomobilləri tərk edilmiş vəziyyətdədir. Mən gedənə qədər meyitləri bir neçə gün ərzində küçələrdən götürmüşdülər, lakin çoxmərtəbəli evlərdən hansınınsa həyətinə girsəniz, orada dəhşətlə qarşılaşacaqsınız. Bu ölümdür. Küçədə səs eşidilmir, avtomobillər hərəkət etmir, uşaqlar gülmür. Heç kim siqnal vermir” -deyə prezident bildirib.

Prezidentdən Ukraynanın sülh müqabilində əraziləri verməyə hazır olub-olmadığını soruşublar. Zelenski buna hazır olmadığını və belə bir məsələnin gündəlikdə olacağı vəziyyətdə olmaq istəmədiyini bildirib.

“Ümumiyyətlə, biz dövlətimizdən, ərazilərimizdən imtina etməyə hazır deyilik. Mən elə bir vəziyyətə düşmək istəməzdim ki, bu sual barədə ciddi düşünüm. Mən bunu istəmirəm.Düşünürəm ki, biz onsuz da çoxlu insan həyatını qurban vermişik və məhz buna görə də ən azı onların qarşısında günahkar olacağıq, dövlətimizi xilas etmək üçün çalışmalıyıq və  bacardığımız qədər dayanmalıyıq, lakin bu həyatdır və hər şey olur. Biz Rusiya tərəfini tanıyırıq. Başa düşürük ki, bu məqamlardan biridir, onlar mütəmadi olaraq deyirlər: Krımı Rusiya ərazisi kimi tanıyın. Mən dəqiq bilirəm ki, bunu etməyəcəyəm. Onlar Donbass məsələsini həll etmək istəyirlər, iştahları artır. Onlar bütün Donbası istəyirlər və mən bilirəm ki, onlar ölkəmizin cənubunu əlimizdən almağa çox can atırlar” – deyə o bildirib.

Zelenski ərazi güzəşti ilə bağlı ünvanlanan suala belə cavab verib: “Fikrimcə , biz buna hazır olsaydıq, müharibə olmazdı”.