Rusiya prezidenti Almaniya kansleri və İtaliyanın baş naziri ilə telefon danışığı zamanı Ukrayna böhranını müzakirə edib.
Mətbuat Kremlin məlumatına istinadən , Vladimer Putin və Olaf Şoltsun İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqları ilə bağlı fikir mübadiləsi apardığını yazır.
Mətbuatın məlumatına görə, Şolts və Putin həmçinin döyüş bölgələrindən, xüsusilə də Mariupoldan dinc əhalinin təhlükəsiz təxliyyəsinin təmin edilməsi ilə bağlı danışıblar.
Eyni zamanda, mətbuat Rusiya Prezident Administrasiyasının məlumatına istinadən, Putinin qazın qiymətini rublla ödəmək qərarı barədə Şoltsa məlumat verməsinə dair yazır.
“Ödəmə prosedurunda dəyişikliyə səbəb beynəlxalq hüquq normalarını pozaraq, Rusiya Bankının valyuta ehtiyatlarının Aİ-yə üzv dövlətlər tərəfindən dondurulması olub” – deyə Kremlin bəyanatında qeyd olunub, bəyanatı “TASS” agentliyi yayır.
Paralel olaraq, İtaliya mətbuatı ölkənin baş naziri Mario Draqi ilə Rusiya prezidenti arasında bir saat davam edən telefon danışığının baş tutmasına dair məlumat yayır.