Vladimer Konstantinidi - Gürcüstanda alınmış sürücülük vəsiqəsindən yaxın gələcəkdə Avropa ölkələrində də istifadə etmək mümkün olacaq
Gürcüstanın xarici işlər nazirinin müavini Vladimer Konstantinidi bildirir ki, yaxın gələcəkdə Gürcüstanda alınmış sürücülük vəsiqəsindən Avropa ölkələrində də istifadə etmək mümkün olacaq.
Vladimer Konstantinidinin Gürcüstanın Birinci Kanalının “Axali Dğe” verlişində də qeyd etdiyi kimi, Gürcüstanda qanunvericilik dəyişib və sürücülük imtahanından keçmə qaydaları Avropa standartlarına uyğunlaşdırılıb.
“Xaricdə, xüsusən də Avropa ölkələrində müxtəlif məqsədlər və müxtəlif statusla olan vətəndaşlarımızın sayı kifayət qədər çoxdur. Onların oraya adaptasiyası üçün kifayət qədər ehtiyyacları var. Hətta ən inkişaf etmiş ölkədə belə insanın adaptasiyası, öz yerini tapması, işə düzəlməsi asan deyil, ehtiyyaclar olduqca çoxdur. Məsələn, İtaliya və İspaniyada keçirdiyimiz görüşlər zamanı diaspor nümayəndələri bizdən kömək istədilər, nümunə olaraq üzərində fəal işlədiyimiz sürücülük vəsiqələrinin tanınması məsələsi , bu işlər nəticəsində yaxın gələcəkdə standartların uzlaşdırılmasına nail olunacaq, bir çox soydaşımız Gürcüstanda alınmış sürücülük vəsiqəsindən yararlana biləcək. Biz bilirik ki, Gürcüstanda imtahan vermə qaydaları dəyişib və Avropa standartlarına uyğunlaşıb. Bu cür praktiki xarakterli ehtiyyaclar var və biz onları nəzərə alırıq”, – deyə xarici işlər nazirinin müavini bildirib.