Vedant Patel - Son qərarı Gürcüstan hökuməti verməlidir, lakin biz deyirik ki, belə bir qanun nəinki onların istəklərinə uyğun deyil, həm də təzyiqçi qanunvericiliyə uyğundur
Vedant Patel - Son qərarı Gürcüstan hökuməti verməlidir, lakin biz deyirik ki, belə bir qanun nəinki onların istəklərinə uyğun deyil, həm də təzyiqçi qanunvericiliyə uyğundur

 
Gürcü xalqının 80 faizindən çoxu Avropa İttifaqına üzvlük istəyir, biz bu istəyi dəstəkləyirik və Gürcüstan hökumətini Avropa İttifaqına inteqrasiya yolunu və ona uyğun olan şeyi davam etdirməyə çağırırıq-bu haqda ABŞ dövlət departamentinin mətbuat katibinin müavini Vedant Patel mətbuat konfransında ünvanlanmış suala cavab olaraq deyib.

Jurnalist Aleks Raufoğlu Vedant Patelə Dövlət Departamentinin son günlər Tbilisidə inkişaf edən hadisələri necə xarakterizə etməsi və qanun layihəsi üzrə yekun səsvermənin sabaha planlaşdırılması fonunda növbəti 24 saatın necə olacağı haqda sual ünvanlayıb.

“Gördüyümüz hərəkətlər gürcü xalqının özünün elan etdiyi istəklərinə uyğun gəlmir. Başqa ölkələrin və ya ABŞ-ın dedikləri yox, gürcü xalqının özünün elan etdiyi istəklərə. Gürcü xalqının 80 faizindən çoxu Avropa İttifaqına üzvlük istəyir, biz bu istəyi dəstəkləyirik və Gürcüstan hökumətini Avropa İttifaqına inteqrasiya yolunu və ona uyğun olan şeyi davam etdirməyə çağırırıq. Gürcüstan hökuməti Avropa İttifaqına üzv olmaq və NATO kimi transatlantik alyanslarla əlaqələr qurmaq istədiyini bəyan etmişdi, hərçənd həyata keçirilən bu cür qanunvericilik fəaliyyəti, hökumətin bu cür hərəkətləri, cari fəaliyyəti bəyan edilmiş məqsədlərə uyğun deyil. Son qərarı Gürcüstan hökuməti verməlidir, lakin bizim dediyimiz odur ki, belə bir qanun nəinki onların istəklərinə uyğun deyil, həm də əslində digər rejimlərdən-istər Kreml olsun, istərsə də başqalarından gördüyümüz təzyiqçi qanunvericilik növünə uyğundur”- Patel açıqlayıb.

Həmçinin, jurnalist Aleks Raufoğlu Dövlət Departamentinin mətbuat katibinin müavininə Tbilisidə davam edən aksiyalar zamanı iki Amerika vətəndaşının saxlanılması və döyülməsi ilə bağlı yayılan məlumat haqda sual ünvanlayıb, Patel cavabında qeyd edib ki, ABŞ-ın iki vətəndaşının saxlanılması haqda məlumatları var, ancaq əlavə şərh verə bilməz.

“Tbilisidə saxlanılan vətəndaşlarımız haqda bu məlumat bizdə var. Vətəndaşımız xaricdə saxlandıqda, biz bütün müvafiq yardımı göstərməyə hazırıq, lakin məxfiliyi nəzərə alaraq mən sadəcə olaraq bundan artığını deyə bilmərəm”- Patel bildirib.