Ursula fon der Laiyen - "Cənub Qaz Dəhlizi"ni genişləndirməklə bağlı öhdəlik götürürük, bu hər il 8 milyard kubmetr təbii qaz tədarük edən, Aİ-də artıq olduqca vacib tədarük marşrutudur
Ursula fon der Laiyen - "Cənub Qaz Dəhlizi"ni genişləndirməklə bağlı öhdəlik götürürük, bu hər il 8 milyard kubmetr təbii qaz tədarük edən, Aİ-də artıq olduqca vacib tədarük marşrutudur

 
“Cənub Qaz Dəhlizi”ni genişləndirməklə bağlı öhdəlik götürürük, bu hər il 8 milyard kubmetr təbii qaz tədarük edən, Aİ-də artıq olduqca vacib tədarük marşrutudur-bu barədə
Avropa Komissiyasının prezidenti Ursula fon der Laiyen Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı üçün olduqca vacib enerji tərəfdaşıdır və o, imza atdıqları Anlaşma Memorandumunun enerji tərəfdaşlığını daha da gücləndirəcəyini qeyd edib.

“Rusiyanın Ukraynaya qəddarcasına müdaxiləsindən əvvəl də rus qazının Aİ-yə tədarükü etibarlı deyildi, ona görə də Aİ Rusiyadan uzaqlaşaraq daha etibarlı tərəfdaşlara keçməyə qərar verdi.  Azərbaycanın da onların sırasında olmasından şadam. Siz həqiqətən bizim üçün olduqca vacib enerji tərəfdaşısınız və həmişə etibarlı olmusunuz. Siz təkcə təhlükəsiz tədarükdə  deyil, həm də iqlim neytrallığına nail olmaq səylərimizdə vacib tərəfdaşsınız.

İndicə imzaladığımız Anlaşma Memorandumu bizim enerji tərəfdaşlığımızı daha da gücləndirir. Memorandumumuzdan üç məqamı vurğulamaq istərdim. Birincisi, biz Azərbaycandan Aİ-yə qaz nəqlini iki dəfə artıracağıq. Çünki, bu Anlaşma Memorandumu ilə biz həqiqətən  “Cənub Qaz Dəhlizi”ni genişləndirməyə dair öhdəlik götürürük. O, artıq Aİ-də çox vacib tədarük marşrutudur və hazırda ildə 8 milyard kubmetr qaz tədarük edir. Biz bir neçə ilə bu həcmi 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz artıq tədarükün həcmini 12 milyard kubmetrə çatdırmalıyıq. Bu, rus qazının tədarükünün kəsilməsini kompensasiya etməyə kömək edəcək və Avropaya tədarükün təhlükəsizliyinə əhəmiyyətli dərəcədə töhfə verəcək.

Anlaşma Memorandumunda ikinci mühüm məqam bərpa olunan enerji məsələləridir. Azərbaycan bərpa olunan enerji sahəsində böyük potensiala malikdir. Bu gün biz bu memorandumla bu sahədə möhkəm əməkdaşlığın əsasını qoyduq. Beləliklə, Azərbaycan tədricən mədən yanacağı tədarükçüsündən bərpa olunan enerjinin çox etibarlı və görkəmli tərəfdaşına çevrilir.

Və sonda, təbii qazla bağlı əməkdaşlığımız iqlimlə əlaqədar məsuliyyətimizə uyğun olmalıdır. Buraya metan emissiyaları daxildir. Memorandum bütün təbii qaz tədarük zənciri çərçivəsində metan emissiyalarının azaldılması ilə bağlı öhdəlikləri təsvir edir” -deyə Ursula fon der Laiyen bildirib.