Ukraynanın daxili işlər nazirinin müşavirinin sözlərinə görə, müharibə səbəbindən Ukraynanı tərk edərək Avropa ölkələrinə gedən insanlar kütləvi şəkildə vətənə qayıdırlar
Müharibə səbəbindən Ukraynanı tərk edərək Avropa ölkələrinə gedən insanlar kütləvi şəkildə vətənə qayıdırlar. Son məlumatlara görə, məcburi köçkünlərin 60 faizi ölkəyə qayıdıb. Ukrayna mətbuatı bu barədə ölkənin daxili işlər nazirinin müşaviri Viktor Andrusivə istinadən məlumat yayır.
O, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra 7,6 milyon insanın ölkəni tərk etdiyini bildirib.
“Risklərə baxmayaraq, biz ukraynalıların kütləvi şəkildə vətənə qayıtdıqlarını müşahidə edirik. Artıq 4,8 milyon belə insan var. Ölkəni tərk edən insanların demək olar ki, 60%-i geri qayıdıb” – deyə nazirin müşaviri bildirib.
Andrusivin sözlərinə görə, ölkəyə qayıdan ukraynalıların sayı yenə də artacaq.
“Xaricdə yaşayış şəraiti nadir hallarda yaxşı olur. Əksər hallarda bu insanlar evlər kirayəyə götürməli olurlar ki, bu da bahalıdır və ya idman zallarında yaşamalı olurlar. İxtisaslı iş tapmaq çətindir, bunun üçün dili yaxşı bilmək tələb olunur. Buna görə də ukraynalıların vətənlərinə qayıtmayacağından qorxmağa ehtiyac yoxdur”- deyə nazirin müşaviri bildirib.