Ukrayna, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı Ukraynanın dənli bitkilərinin ixracına dair razılaşma imzalayıb
Ukrayna, Türkiyə və Birləşmiş Millətlər Təşkilatı Ukraynanın dənli bitkilərinin ixracına dair razılaşma imzalayıb. Ukrayna mətbuatının məlumatında, üçtərəfli sazişin bu gün, iyulun 22-də Ukraynanın infrastruktur naziri Aleksandre Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş tərəfindən imzalandığı deyilir.
Ukrayna mətbuatı , belə bir sənədin Türkiyə, BMT və Rusiya nümayəndələri tərəfindən imzalanmalı olması barədə yazır.
Qeyd etmək lazımdır ki, Ukrayna və Rusiya ümumi sənədlə öhdəlik götürmürlər. Sənədə əsasən, dənli bitkilərin ixrac olunacağı Odessa, Çernomorsk və Yujnı limanlarına nəzarət Ukrayna tərəfində qalır. Bu limanlarda dənli bitkilər və onunla əlaqədar ərzaq məhsullarının və gübrələrin ixracını təmin etməli olan gəmilərdən başqa digər gəmilərin olması nəzərdə tutulmayıb.
Bundan əvvəl, Ukrayna prezident aparatının rəhbərinin müşaviri Mixail Podoliak, Rusiya ilə Ukrayna arasında dənli bitkilərin ixracının blokadadan çıxarılmasına dair birbaşa razılaşmanın olmayacağını bildirib. Dənli bitkilər razılaşması Ukrayna limanlarında qalmış 25 milyon ton taxılla dolu 80 yük gəmisini blokadadan çıxaracaq.