Ukrayna Təhlükəsizlik Şurasının katibi - biz müharibənin fevralın 24-də deyil 22-də başlayacağını gözləyirdik, ictimai şəkildə çıxıb deyə bilməzdik, lakin hazırlaşırdıq

 

Rusiyanın hərbi müdaxiləyə hazırlaşdığını bilirdik, lakin müharibənin fevralın 24-də deyil, 22-də başlayacağını gözləyirdik-bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov BBC-nin Ukrayna xidmətinə müsahibəsində bildirib.

Danilov, Ukrayna hökumətinin ölkə ərazisində baş verəcək hadisələri dərk etdiyini bildirir.

“Onlar fevralın 22-də indiki formatda ölkəmizə hücum etməli idilər. Yeganə gözlədiyimiz o idi ki, Belarus ərazisindən istifadə olunacaqdı. Müzakirə bu barədə idi, lakin bunun başqa cür olacağı qənaətinə vardıq. Lakin, olan oldu. Hazırlaşmadığımızla bağlı bizə qarşı sürülən ittiham düzgün deyil. Biz ictimai şəkildə çıxıb deyə bilməzdik ki : Dostlar, fevralın 22-də müharibə başlayacaq. Dövlət idarəçiliyi nöqteyi-nəzərdən bu yolverilməzdir, lakin biz hazırlaşırdıq” – deyə Danilov bildirib.

Onun sözlərinə görə, fevralın 22-də axşam saatlarında ukraynalı kəşfiyyatçıların əllərində ruslara hücum əmri verildiyinə dair artıq sübutlar olub, lakin sonra onların rəhbərləri tarixi dəyişib.

Danilovun sözlərinə görə, Qərb ölkələrinin xüsusi xidmət orqanları Ukraynanın Rusiyanın hücumuna maksimum 21 gün tab gətirəcəyini proqnozlaşdırıb. Lakin Danilovun izah etdiyi üzrə , onlar Rusiya və Ukraynada mövcud olan texnikanın sayının müqayisəsi əsasında bu qənaətə gəliblər və Ukrayna xalqının öz torpaqlarını müdafiə etmək istəyini nəzərə almayıblar.

Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi “BBC”-yə verdiyi geniş müsahibədə həmçinin Rusiya tərəfindən Volodimir Zelenskinin likvidasiyası planından da danışıb.

“Onların planı sadə və kobud idi: ilk növbədə, ölkəmizin prezidentini məhv etmək. Bu, onlar üçün bir nömrəli məsələ idi və buna bir neçə dəfə cəhd də edildi. Sonuncu belə cəhd martın 7-də baş verdi, o zaman qərbli tərəfdaşlarımızdan belə bir əməliyyatın hazırlanması barədə məlumat aldıq. İlk günlərdə çoxlu atışmalar olurdu. Həmin günlərdə qətlə yetirdiyimiz insanların sayını demək istəmirəm, mən əraziyə daxil olan diversiya qruplarının üzvlərini nəzərdə tuturam. Onlar burada idilər və şəbəkəyə sahib idilər, bir çox məqamlar üzərində işləmişdilər. Hökumət kvartalını qoruduğuna prezidentin mühafizə və Dövlət Mühafizə Xidmətinə və bütün hərbçilərimizə minnətdaram. Zelenskinin yerinə kimi hazırladıqlarını bilirəm. Bu, nə Medvedçuk, nə də Yanukoviçdir. Bunlar böyük epauletli insanlar idilər”-deyə Danilov bildirib.