Ukrayna Baş Qərargahı - "Azovstal" ərazisindəki bölmələrin komandirləri şəxsi heyətin həyatını xilas etmək üçün əmr alıblar, “Mariupol” qarnizonu döyüş tapşırığını yerinə yetirib
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından “Mariupol” qarnizonunun öz döyüş tapşırığını yerinə yetirdiyini, “Azovstal” ərazisindəki bölmələrin komandirlərinin şəxsi heyətin həyatını xilas etmək üçün əmr aldığını bildirirlər. Müvafiq məlumatı Ukraynanın Baş Qərargahı “Facebook” sosial şəbəkəsində yayır.
“Mariupol” qarnizonu üzərinə düşən döyüş tapşırığını yerinə yetirib. Ali Hərbi Komandanlıq “Azovstal”-dakı bölmələrin komandirlərinə şəxsi heyətin həyatını xilas etmək əmri verib. Zavod ərazisində sıxışmış ukraynalı müdafiəçilərin xilas edilməsi üzrə əməliyyat aparılır”-deyə Baş Qərargahın bəyanatında qeyd edilib.
Ukrayna Müdafiə Nazirliyinin məlumatına əsasən, mayın 16-da “Azovstal”-dan ağır yaralanmış 53 hərbçi təxliyə edilib və onlar işğal altındakı Novoazovski şəhərindəki tibb müəssisəsinə yerləşdiriliblər. Ukrayna tərəfinin verdiyi məlumata görə, daha 211 müdafiəçi sonradan Ukraynanın nəzarətində olan əraziyə mübadilə proseduru ilə qaytarılmaq məqsədilə humanitar dəhlizlə Elenovkaya təxliyə edilib.
Baş Qərargahın məlumatına görə, 82 gün ərzində “Azovstal”-da öz mövqelərini müdafiə etməklə ukraynalı müdafiəçilər qarşı tərəfin taborun 17 taktiki qrupunu başqa istiqamətə göndərməsinə imkan verməyiblər, bununla da Zaporojyeni tez bir zamanda ələ keçirmək planına, Donetsk və Zaporojye vilayətlərinin inzibati sərhədinə çıxışa mane olublar.
“Mariupol ətrafında düşmən qüvvələrinin cilovlanması bizə qoşunlarımızın hələ də olduğu və təcavüzkarı ləyaqətlə dəf etməyə imkan verən müdafiə xətlərini hazırlamağa və yaratmağa imkan verdi. Biz ehtiyat formalaşdırmaq, yenidən qruplaşmaq, tərəfdaşlardan kömək almaq üçün kritik vaxt qazandıq”- deyə Baş Qərargahın bəyanatında deyilir.