Türkiyə, Ukrayna və Rusiya Ukraynanın dənli bitkilərinin ixracına dair razılaşma imzalayıblar
İstanbulda Ukraynanın dənli bitkilərinin ixracına dair razılaşma imzalanıb. Rusiya və Ukrayna razılaşmanı ayrı-ayrılıqda imzalayıblar.
İlkin olaraq sənədi Türkiyənin müdafiə naziri ilə birlikdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu imzalayıb. Daha sonra eyni qaydada sənədi Ukraynanın infrastruktur naziri Aleksandre Kubrakov imzalayıb.
İmzalanma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin baş katibi Antonio Quterreş iştirak ediblər.
BMT baş katibi, bu razılaşmanın Ukrayna, eləcə də aclığın təhdid etdiyi bir çox inkişaf etməkdə olan ölkələr üçün həyati əhəmiyyət kəsb etdiyini bildirib. Quterreşin sözlərinə görə, imzalanmış razılaşma onun BMT-nin baş katibi olduğu müddətdə bəlkə də ən mühüm nailiyyətdir.