Tenqiz Tsertsvadze - vaksinlərin "Omicron"- dan qismən müdafiə etdiyi ehtimal olunur, əgər insan buster dozasını vurdurubsa onu xüsusilə qoruyur, iki dəfə peyvənd olunmuşlara səslənirəm buster dozasını da vurdursunlar  

 

Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tenqiz Tsertsvadzenin sözlərinə görə, Gürcüstanda “Omicron” ştammına təsdiqlənmiş yoluxma hallarının ikisində də xəstəlik yüngül formada keçir.

Onun sözlərinə görə, “Omicron” ştammına yoluxmuş hər iki şəxs hazırda özünü təcrid edib.

“Bizdə “Omicron” ştammına iki yoluxma halı qeydə alınıb. Testlər Luqar laboratoriyasında aparılıb. Bildiyimə görə, biri oğlan digəri isə qadındır. Biri Mayamidən, digəri Dubaydandır. Hazırda hər ikisində xəstəlik yüngül şəkildə irəliləyir. Evdə, təcrid olunmuş vəziyyətdə və müşahidə altındadırlar. Spesifik müalicə aparılmır. “Omicron”-un Gürcüstanda yayılacağı gözlənilir. Bu günə qədər yayılmamasından təəccüblənirəm, yəqin ki, sərhəddə qaydalara yaxşı əməl olunub.

Dünyanın 65 ölkəsində yayılıb və təbii ki, burada da yayılacaq. Əlbətdə bu, əlavə çağırışdır, ştammın özəllikləri barədə sonadək məlumatımız yoxdur, lakin mən açıq şəkildə demək istəyirəm ki, bu nə axırıncı, nə də sonuncu çağırış deyil və biz bunu panikaya qapılmadan, sıravi çağırışlardan biri kimi qarşılamalıyıq “-deyə Tenqiz Tsertsvadze bildirib.

Tsertsvadzenin sözlərinə görə, “Omicron”-un Delta ştammından fərqli olaraq daha sürətli yayılacağı gözlənilir. O, bu səbəbdən klinik sektorun yükünün artacağının gözlənilən olduğunu bildirir.

“İndiyə qədər mövcud olan məlumata görə, bu ştamm daha ciddi xəstəliklərə və daha çox ölümə səbəb olmur. Ona görə də hələlik bu istiqamətdə panika üçün əsas yoxdur”, – deyə Tenqiz Tsertsvadze bildirib.

Mövcud peyvəndlərin yeni ştamma qarşı təsirli olub-olmamasına gəlincə, Tsertsvadze peyvəndlərin, xüsusən də gücləndirici dozadan sonra insanı qismən müdafiə etdiyinin ehtimal olunduğunu bildirib.

“Peyvəndlərin “Omicron”-a qarşı qoruyub-qorumaması problemdir. Qismən müdafiə etdiyi ehtimal olunur və əgər üçüncü, buster doza vurulubsa o zaman xüsusilə qoruyur. İki doza vurduran şəxslərə müraciət edirəm, hamını üçüncü gücləndirici də vurdurmağa çağırıram. Qismən ola bilsin, lakin peyvənd yenə də qoruyur. İkincisi, maskadan istifadə maksimum dərəcədə artırılmalıdır. Maska xilas olmağımız üçün əsas vasitədir. “Sinopharm” və “Sinovac” peyvəndlərinin “Omicron” ştammı üzərində effektivliyi ilə əlaqədar hələ tədqiqat aparılmayıb. Müalicə protokolunda hələlik heç bir dəyişiklik edilməyib. Danışıqlar, razılaşmalar var.

“Omicron” testlərini gətirmək mümkün olan kimi ölkə bunu ilk alanlardan olacaq. Xəstəliklərə Nəzarət Mərkəzi bu barədə daha ətraflı məlumata malikdir. Bütün ştammlar simptomlarına görə prinsipcə çox fərqlənmir. Nüanslarda bir fərq var, məsələn, “Omicron” halında ürəkbulanma, baş ağrısı, güclü zəiflik üstünlük təşkil edir. Xarici mənbələrdə deyildiyi kimi, bu ştamm daha az qoxu və ya dad itkisi, bədəndə daha az ağrı (oynaqlar, əzələlər) və nisbətən daha az qızdırma və ümumi intoksikasiya ilə xarakterizə olunur, lakin bunların hamısı şərtidir. Bir tək kliniki simptomlarla heç kim bunun “Delta” ştammı mı, yoxsa “Omicron” olduğuna qərar verə bilməz, bunu yalnız laboratoriyada müəyyən etmək olar”, – Tenqiz Tsertsvadze bildirib.