Tenqiz Tsertsvadze koronavirusla əlaqədar epidemioloji vəziyyət və kliniki idarəetmənin yanaşmaları haqqında bəyanat yayır
Tenqiz Tsertsvadze koronavirusla əlaqədar epidemioloji vəziyyət və kliniki idarəetmənin yanaşmaları haqqında bəyanat yayır

 

Gürcüstanda peyvəndləmənin əhatə səviyyəsinin aşağı olmasına baxmayaraq, koronavirusdan dünyasını dəyişənlərin sayı ABŞ və Avropanın tam peyvənd olunmuş ölkələrinin əksəriyyətindən daha azdır. Bu nəticənin əldə olunması kliniki idarəetmənin optimallaşdırılması, proaktiv müalicə və ən son dərmanların istifadəsi ilə mümkün oldu-bu barədə Tbilisinin Yoluxucu Xəstəliklər Xəstəxanasının baş direktoru Tenqiz Tsertsvadzenin bəyanatında deyilir.

Tenqiz Tsertsvadze mövcud epidemioloji vəziyyət, koronaviruslu pasiyentlərin idarə olunması praktikası və yeni dərmanların istifadəsi haqqında danışır, həmçinin bildirir ki, yoluxma hallarının azalmasına baxmayaraq, rahatlaşmaq olmaz və peyvəndləmə tempi artırılmalıdır.

“Son vaxtlar ölkədə həm yeni yoluxma hallarının, həm də ölüm hallarının sayına görə “Covid” epidemiyası ilə bağlı vəziyyətin müsbət dinamikası və sabitləşməsi müşahidə olunur. Son iki həftə ərzində Gürcüstanda peyvəndləmənin əhatə səviyyəsinin aşağı olmasına baxmayaraq, ABŞ və Avropanın əksər tam peyvənd olunmuş ölkələri ilə müqayisədə 1 milyon əhali üzrə “Covid”-dən daha az ölüm halı qeydə alınıb. Koronaviruslu bütün pasiyentlər arasında ölüm faizi – dırnaq arası CFR ilə Gürcüstan dünyanın 119 ölkəsindən daha yaxşı (aşağı) göstəriciyə malikdir. Bu, koronaviruslu pasiyentlərin kliniki idarəçiliyinin optimallaşdırılması, pasiyentlərin proaktiv müalicəsi və ən son dərman vasitələrinin, ilk növbədə “Remedisivir”-in, həmçinin “Baritsitinib” və “Tosilizumab”-ın geniş istifadəsi nəticəsində mümkün olmuşdur. Ən mühümü ölkəyə ilk tablet antiviral preparat olan “Paxlovid”-in gətirilməsi və praktikada tətbiqi idi. Gürcüstan regionda ilk və dünyada isə bunu edən ilk dövlətlərdən biri olub. Belə ki, bu gün həkimlərimiz pasiyentlərin proaktiv idarə olunması üçün zəruri olan ən yaxşı dərmanların tam paketinə malikdirlər. 100-dən çox kovid klinikanın və 200-ə qədər onlayn klinikanın həkimləri xüsusi təlim/hazırlıqdan keçiblər ki, bu da bu paketdən səmərəli istifadə üçün ilkin şərtdir.
Bu gün pasiyentlərin müalicəsi üçün aşağıdakı alqoritm hazırlanmış və tətbiq edilmişdir:

Diaqnoz təsdiqləndikdən sonra ailə həkiminin (onlayn klinikanın) dərhal üç seçim etmək imkanı var:

Yaşı 65-dən aşağı simptomsuz, vəziyyəti yüngül olan və xəstəliyin kəskinləşmə riski olmayan (müşahidə olunan xroniki xəstəliklər, artıq çəki və s.) pasiyentləri evdə müşahidə altında qoyma və lazım gəldikdə yalnız simptomatik terapiya təyin etmə imkanı.

Xəstəxanaya yerləşdirilməyə ehtiyacı olmayan, lakin yaşı 65-dən yuxarı olan və/və ya xəstəliyin ağırlaşma riski olan (birləşən xroniki xəstəliklər, piylənmə və s.) yüngül və orta dərəcəli pasiyentlərə “Paxlovid” tabletləri ilə evdə müalicə təyin etmə imkanı (“Paxlovid” ilə müalicə üçün ilkin şərt xəstəliyin əlamətlərinin aşkarlanmasından beş gündən gec olmayaraq istifadədir). Bununla yanaşı dərman evə həkim tərəfindən çatdırılır.

Xəstəxanaya yerləşdirilmə ehtiyacı olan pasiyentlər (xəstəxanaya yerləşdirmə təfərrüatları “Covid-19”-un Kliniki İdarəetmə üzrə Milli Təlimatda təfərrüatlı şəkildə yazılıb) mümkün qədər tez (simptomların aşkarlanmasından sonra 8-10 gündən gec olmayaraq) xəstəxanaya yerləşdirilməli, “Remedsivir” və digər zəruri dərmanlarla müalicə edilməlidir.

Təcrübə göstərdi ki, koronavirusa yoluxmanın ilkin mərhələlərində düzgün idarə halında xəstənin ağırlaşmasını, reanimasiyanı, mexaniki ventilyasiyaya keçirilməni və letal nəticələri minimuma endirmək mümkündür. Lakin bunun üçün əhalinin səhiyyə sistemi ilə fəal əməkdaşlıq etməsi və bütün mərhələlərdə həkim tövsiyələrinə ciddi əməl etməsi lazımdır.

Koronavirusla əlaqədar epidemioloji vəziyyətinin müsbət dinamikasına və sabitləşməsinə baxmayaraq, biz heç bir halda rahatlaşmamalıyıq, yadda saxlamalıyıq ki, kovidpandemiya heç bir yerə getməyib və bir sıra ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə (Cənubi Koreya, Almaniya, Fransa, ABŞ, Honq Konq və s.) hələ də yeni yoluxma halları və yüksək ölüm göstəriciləri qeydə alınır.

Bir daha yadda saxlamalıyıq ki, ölkə əhalisi tam peyvəndlənmədən epidemiyanın sonunu gətirmək qeyri-mümkündür və buna görə də peyvəndləmə göstəricilərinin artırılması həyati əhəmiyyət kəsb edir” –deyə Tenqiz Tsertsvadze yazır.