Tedros Adanom Qebreisus - Qəzza sektorunda orta hesabla hər on dəqiqədə bir uşaq ölür
Tedros Adanom Qebreisus - Qəzza sektorunda orta hesabla hər on dəqiqədə bir uşaq ölür

Qəzza sektorunda orta hesabla hər on dəqiqədə bir uşaq ölür, – Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Qebreisus BMT Təhlükəsizlik Şurasının iclasında bildirib

Görüşdə Qəzza sektorunda yaranmış humanitar vəziyyət müzakirə olunub.

“Qəzzada heç kim və heç bir yer təhlükəsiz deyil”, – Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bildirib.

Onun sözlərinə görə, Qəzzanın 36 xəstəxanasının yarısı və ilkin tibb mərkəzlərinin üçdə biri fəaliyyət göstərmir və fəaliyyətini davam etdirənlər xəstə axınının öhdəsindən gələ bilmir.

“Xəstəxanaların dəhlizləri yaralı, xəstə və ölən insanlarla doludur. Morqlar doludur. Cərrahiyyə şöbələrində anesteziya yoxdur. On minlərlə məcburi köçkün xəstəxanalara sığınır”, – Qebreisus BMT Təhlükəsizlik Şurasının üzvlərinə deyib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, oktyabrın 7-də “Həmas”ın İsrailə hücumundan sonra İsrail Qəzza sektorundakı səhiyyə obyektlərinə 250-dən çox zərbə endirib. İsrail hakimiyyətinin məlumatına görə, “Həmas” xəstəxanalar altında tunellər şəbəkəsi təşkil edib. İsrailin baş nazirinin sözlərinə görə, “Həmas” əhalidən canlı qalxan kimi istifadə edir.

İsrailin BMT-dəki səfiri Təhlükəsizlik Şurasına bildirib ki, İsrail Qəzzanın cənubunda səhra xəstəxanaları yaratmaq üçün işçi qrupu yaradıb.

“İsrail səhra xəstəxanaları və üzən xəstəxana gəmiləri yaratmaq üçün Birləşmiş Ərəb Əmirlikləri, Qırmızı Xaç və digər Avropa ölkələri ilə danışıqlar aparır. İsrail İordaniyadan Qəzzanın şimal hissəsindəki xəstəxanalara tibbi yardımın çatdırılmasına şərait yaradıb”, – Qilad Erdan bildirib.

Onun sözlərinə görə, İsrail Qəzza əhalisinin rifahı üçün Ümumdünya Səhiyyə Təşkilatı və ya BMT-nin hər hansı digər qurumundan daha çox iş görür.