Tbilisi Sakrebulosu Ukrayna xalqına yardım üçün dərmanlar göndərəcək
Tbilisi Sakrebulosu və Gürcüstan Qırmızı Xaç Cəmiyyəti arasında Ukrayna xalqına yardım üçün qarşılıqlı-anlaşma memorandumu imzalanıb.
Paytaxtın nümayəndəlik orqanında keçirilən tədbir Ukrayna xalqına dərman vasitələri ilə yardım göstərilməsi aksiyası çərçivəsində baş tutub.
Memorandumu Tbilisi Sakrebulosunun sədri Qiorqi Tğemaladze və Gürcüstan Qırmızı Xaç Cəmiyyətinin baş katibi Nino Osepaşvili imzalayıblar.
“Qırmızı Xaç Cəmiyyəti ilə imzalanmış memorandum əsasında, Tbilisi Sakrebulosu özəl sektorla birlikdə bu çox lazımlı və zəruri işə ciddi töhfə verəcək və biz dərman şəklində humanitar yardım göndərəcəyik. Mən bu prosesdə iştirak edən bütün insanlara, Sakrebulo üzvlərinə, sakrebulo aparatının əməkdaşlarına və bu aksiyada iştirak etmək arzusunu ifadə edən şirkətlərə təşəkkür etmək istərdim”- deyə Tğemaladze bildirib.
Memoranduma əsasən, Gürcüstan Qırmızı Xaç Cəmiyyəti və Tbilisi Sakrebulosu birgə fəaliyyətin uğurla həyata keçirilməsi üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər. Belə ki, Ukraynada böhran vəziyyətində olan həssas əhaliyə dəstək və dərman preparatları ilə təmin etmək məqsədilə , Qırmızı Xaç Cəmiyyəti donor tərəfindən köçürülmüş pulla medikamanet alaraq Ukrayna Qızıl Xaç Cəmiyyətinə göndərmək öhdəliyi götürür.
“Bu gün Ukraynada olduqca ağır vəziyyətdir. Sakrebulonun üzvləri və işçiləri bütün zəruri humanitar tədbirlərdə iştirak edirik. Bu dəfə ən həssas əhaliyə kömək etmək üçün dərmanlar satın aldıq. Gürcüstan Qırmızı Xaç Cəmiyyəti ilə memorandum imzaladıq, təşkilat medikamentlərin Ukraynadakı Qırmızı Xaç Cəmiyyətinə çatdırılmasını təmin edəcək” – deyə Zurab Chikviladze bildirib.
Məlumatı Tbilisi Sakrebulosunun mətbuat xidməti yayır.