Tamar Qabunia - "Omicron" əsasən yüngül və orta ağırlıqdadır, bu ştamı mənzildə idarə etmək olar, buna görə də həftə ərzində daha 40 onlayn klinika fəaliyyətə başlayacaq

 

Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabunianın sözlərinə görə, “Omicron”-un yayılması koronavirusa yeni yoluxma hallarının sürətlə artması riski ilə müşayiət olunur. Onun sözlərinə görə, indiyədək ölkədə aşkarlanan “Omicron”-a yoluxma hallarının əksəriyyətində xəstəlik yüngül formada keçir.

Məhz buna görə də Tamar Qabunia onlayn klinikalara ehtiyac olduğuna diqqət çəkib. O bildirib ki, infeksiyaya yoluxmuş şəxslərin ailə həkimlərindən lazımi şəkildə konsultasiya alması üçün həftənin sonunadək mövcud 62 onlayn klinikaya 40 onlayn klinika əlavə olunacaq.

“Əsas risk odur ki, yoluxma hallarının artması sürətli ola bilər, buna görə də təbii ki, prevensiya vacibdir. Xəstəliklərə Nəzarət Milli Mərkəzi hər zaman vurğulayır ki, yoluxma hallarının sürətlə artmaması üçün maskadan istifadə xüsusilə bu şəraitdə kritik əhəmiyyət daşıyacaq .

O ki qaldı xəstəxana sektorunun səfərbərliyinə. Xəstəxana sektoru səfərbər olaraq qalır. Biz koronavirusun bir neçə dalğasından keçmişik, bu şəraitdə “Omicron”-un əsasən nisbətən yüngül, orta ağırlıqda olduğunu və evdə idarə oluna biləcəyini bildiyimiz üçün ilkin tibbi yardımı səfərbər etmək xüsusilə vacibdir. Bu istiqamətdə iş dekabr ayında başladı. Bu gün 62 onlayn klinika varsa, həftə ərzində daha 40 onlayn klinika əlavə olunacaq ki, şəbəkə mümkün qədər genişlənsin və hər bir insanın öz ailə həkimindən məsləhət ala bilmə imkanı olsun” – deyə Tamar Qabunia bildirib.