Şalva Papuaşvili Ukraynadakı müharibə səbəbilə Gürcüstanda qalan Ukrayna vətəndaşlarını Qadınlar Günü münasibətilə təbrik edib
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili övladı və deputatlar ilə birlikdə Ukraynadakı müharibə ilə əlaqədar Gürcüstanda qalan Ukrayna vətəndaşlarını ziyarət edib, onları Qadınlar Günü münasibətilə təbrik edib.
Parlamentin sədri və deputatlar Ukrayna vətəndaşları ilə mövcud vəziyyətdən danışaraq, Ukraynaya güclü dəstəklərini bir daha təsdiqləyiblər.
Şalva Papuaşvili və deputatlar Gürcüstan parlamenti adından Qadınlar Gününü qeyd etmək üçün Ukrayna vətəndaşlarına simvolik hədiyyələr təqdim ediblər.
“Emosional baxımdan həyəcanlı bir gündür. Bu çətin zamanda parlament tərəfindən bu günü qadınlar və qızlar üçün daha gözəl etmək istədik. Biz bu çətin zamanın keçməsini yüngülləşdirmək üçün dost xalqa həm mənəvi, həm də fiziki dəstəyimizi bir daha təsdiqləməyə və nümayiş etdirməyə çalışdıq. Biz onlara kömək etmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, Ukrayna xalqının belə münasibəti ilə hər şey yaxşı bitəcək və bütün dünyada sülh olacaq” – deyə parlamentin üzvü Xatia Tsilosani bildirib.
“Bugünkü tədbir Gürcüstanın Ukraynaya dəstəyinin simvolik ifadəsidir. Rusiyanın apardığı müharibə nəticəsində Ukraynada yaranmış çətin vəziyyətə baxmayaraq, biz bugünkü bayramı – 8 Martı Gürcüstanda olan ukraynalı qadınlar üçün mümkün qədər gözəl etmək, onlara gözəl anlar yaşatmaq qərarını verdik” – deyə Tamar Taliaşvili bildirib.
Ukraynada davam edən hərbi əməliyyatlara görə hava reyslərinin dayandırılması səbəbindən Gürcüstana gələn Ukrayna vətəndaşları vətənlərinə qayıda bilmirlər. Gürcüstan hökuməti tərəfindən onların mehmanxanalara yerləşdirilməsi təmin edilib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.