Şalva Papuaşvili - Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi layihəsinə böyük dəstək olduğunu görürük, parlamentarilərin hamısının əhalinin sifarişinə uyğun hərəkət edəcəklərinə ümid edirəm
Şalva Papuaşvili - Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi layihəsinə böyük dəstək olduğunu görürük, parlamentarilərin hamısının əhalinin sifarişinə uyğun hərəkət edəcəklərinə ümid edirəm

 
Ailə dəyərləri haqda konstitusiya dəyişikliklərinin əhali ilə ətraflı müzakirə edilməsi və onların bu məsələ ilə bağlı düşüncələrini də bilməyimiz önəmlidir- bu haqda Gürcüstanın Parlamentinin sədri Şalva Papuaşvili “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” konstitusiya dəyişikliklərinin ümumxalq müzakirəsinin keçirilməli olduğu Ambrolauridə deyib.

Papuaşvili parlamentin xalqın sifarişinə uyğun hərəkət edəcəyinə ümid edir.

“Ümumxalq müzakirəsi komissiyası əhali ilə görüşlərini davam etdirir. Bu gün Ambrolauridə görüşümüz olacaq və digər şəhərlərdə də görüşlərimizi davam etdirəcəyik. Əhalinin bu məsələ ilə bağlı düşüncələrini öyrənməyimiz, parlamentə çatdırmağımız və parlamentin bunun əsasında qərar qəbul etməsi üçün ailə dəyərləri ilə əlaqəli konstitusiya dəyişikliklərinin onlarla ətraflı müzakirə olunması önəmlidir.

Dəyişikliyin təşəbbüsünü irəli sürdükdən sonra gördüyümüz şey cəmiyyətimizdən gələn böyük dəstəkdir. Təbii ki, fərqi yoxdur, bu, istər parlament əksəriyyəti, istər müxalifət olsun bütün parlamentə mesajdır. Ümid edirəm ki, parlamentin bütün üzvləri əhalimizdən gələn sifariş və səsə uyğun hərəkət edəcək”- Papuaşvili açıqlayıb.

Bununla yanaşı, Papuaşvilinin izah etdiyi kimi, qanun layihəsinin əhatə etdiyi məsələlər barədə insanlarla danışırlar.

“Qanun layihəsi ilə bağlı məsələlər haqda danışırıq. Qanun layihəsi ilə nikah, övladlığa götürmə, eləcə də təhsil proqramları ilə bağlı məsələlər nəzərdə tutulub. Bu, qanun layihəsində dəyişikliklərin nəzərdə tutulduğu əhatə dairəsidir. Yeri gəlmişkən, demək istərdim ki, oxşar qanunvericilik müxtəlif ölkələrdə qəbul edilir. Təkcə ötən il ABŞ-da müxtəlif ştatlarda xüsusən təhsil prosesində LGBT təbliğatından müdafiə haqda 72 qanun qəbul edilib. Deməli, bu baxımdan bu təcrübə təkcə Gürcüstanda deyil, digər ölkələrdə də mövcuddur” – Papuaşvili qeyd edib.

“Gürcü Arzusu” partiyası ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqda konstitusiya dəyişiklikləri hazırlayıb. Konstitusiya qanununun layihəsinə əsasən, Gürcüstan Konstitusiyasının 30-cu maddəsinə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilir: “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi Gürcüstan Konstitusiyasının ayrılmaz hissəsi olan konstitusiya qanunu ilə təmin edilir”. Bununla yanaşı, konstitusiya qanun layihəsi ilə nikah, yetkinlik yaşına çatmayanların övladlığa götürülməsi və himayədar qayğı, şəxsin cinsiyyətinin dəyişdirilməsi üçün tibbi müdaxilə, rəsmi sənədlərdə cinsiyyətin göstərilməsi, cinsiyyətlə müəyyən edilmiş anlayışlardan istifadə, məlumatların toplanması və yayılması ilə bağlı müxtəlif məsələlər müəyyən edilib.