Rusiyalı idmançılar Paris Olimpiadasına neytral statusla və milli simvol olmadan buraxılıblar #1TVSPORT
Rusiyalı idmançılar Paris Olimpiadasına neytral statusla və milli simvol olmadan buraxılıblar #1TVSPORT

Beynəlxalq Olimpiya Komitəsinin İcraçı Komitəsi Rusiya və Belarus idmançılarının Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına neytral statusla buraxılması barədə qərar qəbul edib.

Oyunlarda vəsiqə qazanmış fərdi neytral idmançılar iştirak edə bilərlər. Olimpiya Komitəsinin saytında yazılıb ki, indiyə qədər 11 belə idmançı (səkkiz rus və üç belarus) Olimpiadaya vəsiqə qazanıb.

Rusiya və Belarusdan olan neytral idmançılar yenilənmiş iştirak şərtlərini imzalamalıdırlar. O, Olimpiya Xartiyasına, o cümlədən “Olimpik Hərəkatın Sülh Missiyası”na hörmət etmək öhdəliyini ehtiva edir.

Rusiya və Belarus idmançıları komanda hesabında yarışa buraxılmayacaq. Həmçinin, Rusiyanın Ukraynadakı təcavüzünü fəal şəkildə dəstəkləyən və ya silahlı qüvvələr və milli təhlükəsizlik orqanları ilə müqavilələri olanlar da Olimpiadaya buraxılmayacaq.

Hər bir neytral idmançı antidopinq tələblərinə əməl etməlidir.

İyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək Olimpiya Oyunlarında Rusiya və Belarusyaya məxsus simvollarının, o cümlədən bayrağı və himninin nümayişi qadağan ediləcək.