"Reuters - "Qazprom" qazın bir hissəsinin Avropaya tədarükü ilə bağlı fors-major elan edib
"Reuters - "Qazprom" qazın bir hissəsinin Avropaya tədarükü ilə bağlı fors-major elan edib

 

“Reuters”in məlumatına görə, onlar “Qazprom”un 14 iyul tarixli məktubu ilə tanış olublar. Məktubda fövqəladə vəziyyət səbəbindən şirkətin tədarüklə bağlı öhdəliklərini yerinə yetirə bilmədiyi qeyd olunub.

Mətbuatın da yazdığı üzrə, məktubda müqavilə üzrə öhdəliklərin icrasından azad edilməni nəzərdə tutan fors-major bəndinin iyunun 14-dən qüvvəyə mindiyi və onu hər hansı kompensasiya ödənişindən azad etdiyi bildirilir.

Agentliyin mənbəsinin sözlərinə görə, söhbət Almaniya və digər Avropa ölkələrinə təbii qazın nəqlinin əsas marşrutlarından biri olan “Şimal axını 1” kəməri ilə qaz təchizatından gedir.

“Qazprom” şirkəti hələlik bu məsələyə münasibət bildirməyib.

“Şimal axını 1” boru kəməri təmir işləri ilə əlaqədar iyulun 21-dək dayandırılıb, lakin bəzi Avropa ölkələri onun tam gücü ilə fəaliyyətə başlama tarixinin gecikə biləcəyindən ehtiyat edirlər.