Rəcəb Tayyib Ərdoğan Volodimir Zelenski ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya-Ukrayna müharibəsini müzakirə edib. Məlumatı türk mətbuatı Prezidentin Kommunikasiya İdarəetmə Xidmətinə istinadən yayır.
Onlar tərəfindən verilmiş məlumatda, Ərdoğanın Ukrayna prezidenti ilə Rusiya-Ukrayna müharibəsini və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələləri müzakirə etdiyi deyilir.
Ərdoğan ukraynalı həmkarına ən böyük arzusunun Ukraynada sülhün bərqərar olması olduğunu deyib və Ukraynanın taxıl məhsullarının çıxarılması üçün BMT-nin hazırladığı plan üzərində işlərin davam etdirildiyini qeyd edib.
Bununla yanaşı, prezident Rusiya ilə Ukrayna arasında münasibətlərin həllinin yalnız diplomatiya yolu ilə olacağını və bunun üçün danışıqlar masasına əyləşilməli olduğunu vurğulayıb. Ərdoğan İstanbul prosesinin bərpası üçün iştirak və vasitəçilik də daxil olmaqla hər cür dəstəyi göstərməyə hazır olduqlarını qeyd edib.