Rati Breqadze - Levan Samxarauli adına Milli Ekspertiza Bürosunun rəyinə əsasən "Empatia" Mərkəzinin Saakaşvili ilə bağlı diaqnozları etibarlı və həqiqi deyil
Rati Breqadze - Levan Samxarauli adına Milli Ekspertiza Bürosunun rəyinə əsasən "Empatia" Mərkəzinin Saakaşvili ilə bağlı diaqnozları etibarlı və həqiqi deyil

 

Levan Samxarauli adına Milli Ekspertiza Bürosunun rəyinə əsasən “Empatia” Mərkəzinin Saakaşvili ilə bağlı diaqnozları etibarlı və həqiqi deyil -bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze brifinqdə açıqlayıb.

O, bu rəyin müvafiq qaydada məhkəməyə təqdim olunacağını bildirib.

“Məhkum Mixeil Saakaşvili ilə bağlı vəziyyət hər zaman müəyyən spekulyasiyalar mövzusudur. Əvvəlcədən qeyd etdiyimiz kimi, ictimaiyyətin daima düzgün məlumatlandırılmasını təmin etməyə davam edirik. Belə ki, bildiyiniz kimi, bu məsələ cəmiyyətdə hər zaman böyük maraq doğurur. Xüsusilə, “Empatia” Mərkəzinin rəyindən danışmaq istərdim. Belə ki, məhkumun vəkilləri məhkəməyə müraciət edərək onun cəza çəkməkdən azad edilməsi və ya təxirə salınmasını tələb ediblər, bununla əlaqədar Xüsusi Penitensiar Xidmət məsələyə dair tam həqiqətin müəyyən edilməsi məqsədilə 2022-ci ilin dekabrın 8-də Levan Samxarauli adına Milli Ekspertiza Bürosuna müraciət edib. Bu halda “Empatia” Mərkəzinin rəyi və çıxardığı diaqnozların elmi cəhətdən nə dərəcədə etibarlı və düzgün olması, Gürcüstan qanunvericiliyinə nə dərəcədə uyğun olması qurumun maraq obyekti idi.

2023-cü ilin yanvarın 26-da Levan Samxarauli adına Milli Bürodan üç əsas istiqaməti özündə əks etdirən rəy aldıq. Bunlara: psixiatrik, qastroenteroloji və nevroloji diaqnozlar daxildir. Cəsarətlə demək lazımdır ki, Levan Samxarauli adına Milli Ekspertiza Bürosunun rəyinə əsasən “Empatia” Mərkəzinin qoyduğu diaqnozlar, məsələn, psixiatrik, qastroenteroloji və nevroloji diaqnozlar etibarlı və həqiqi deyil. Bu rəy müvafiq qaydada məhkəməyə təqdim olunacaq və təbii ki, məhkəmədə cəzanın təxirə salınması və cəzadan azad edilmə ilə bağlı əlavə müzakirələr davam etdiriləcək”-deyə Rati Breqadze açıqlayıb.