Ramilə Əliyeva - Mənim böyüdüyüm cəmiyyətdəki stereotiplərə görə, Azərbaycanlı qadın uşaq həkimi və ya müəllim olmalı idi və jurnalist peşəsinə qoşulmağım ailəm üçün böyük inqilab oldu
“Mənim böyüdüyüm cəmiyyətdəki stereotiplərə əsasən, Azərbaycanlı qadın uşaq həkimi və ya müəllim olmalı idi və jurnalist peşəsinə qoşulmağım ailəm üçün böyük inqilab oldu” – bu bəyanatı jurnalist Ramilə Əliyeva Birinci Kanalın “Maka Tsintsadze ilə aktual mövzu” verlişində verdi.
“İlk dəfə sükan arxasına oturmağım da bir inqilab idi, çünki bizim cəmiyyətdə, qadın ancaq həyat yoldaşının və ya atasının sürdüyü maşında otura bilərdi. Maşın sürmək fikri atamın heç xoşuna gəlməmişdi” – dedi Ramilə Əliyeva.
Ramilə Əliyevanın dediyinə görə, dövlət dilini bilməmək problemi ilə yanaşı, qadınların müvəffəqiyyətinə yaşadığı cəmiyyətin mentaliteti də mane olur.
“Dövlət dilini yaxşı bilmədikləri üçün, qadınlarımız öz hüquqlarını da yaxşı bilmirlər” – dedi Ramilə Əliyeva.
Onun dediyinə görə, əgər Kvemo-Kartli regionunda müvəffəqiyyətli bir qadın olmaq istəyirsənsə, inqilabçı olmalısan.
“Çox sevinirəm ki, keçən ilki yerli özünüidarəetmə seçkilərində, Gürcüstan tarixində ilk dəfə azərbaycanlı qadın mer namizədimiz oldu. Məncə bu ciddi bir tərəqqidir. İnanıram ki, gələcəkdə daha çox müvəffəqiyyətli azərbaycanlı qadın görəcəyik” – dedi Ramilə Əliyeva.