Gürcüstanda rəsmi səfərdə olan Polşa Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi , general Raymund Andjeijakı Gürcüstan Müdafiə Qüvvələrinin komandanı, general-mayor Qiorqi Matiaşvili qəbul edib-bu barədə Gürcüstan MN-dən bildiriblər.
Müdafiə Nazirliyinin Baş Qərargahının poliqonunda keçirilən rəsmi qarşılanma mərasimindən sonra gürcü və polşalı həmkarlar təkbətək görüşdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Müdafiə Nazirliyinin məlumatına görə, general-mayor Qiorqi Matiaşvili Polşa tərəfinə Gürcüstana göstərdiyi qəti siyasi dəstəyə və müdafiə sahəsində göstərilən yardıma görə təşəkkür edib və əməkdaşlığın dərinləşməsinə ümid etdiyini bildirib. General-mayor Qiorqi Matiaşvili polşalı həmkarına Gürcüstan Müdafiə Qüvvələrində həyata keçirilən islahatlar və aparılan transformasiya prosesi barədə məlumat verib. O, müdafiə qüvvələrinin müxtəlif istiqamətlərdə inkişafına Polşanın verdiyi töhfəyə diqqət çəkib. Söhbət zamanı NATO-Gürcüstan Əsas Paketinin (SNGP) həyata keçirilməsində fəal iştirak, Gürcüstan Hərbi Polisinin imkanlarının gücləndirilməsi baxımından sıx praktiki əməkdaşlıq, Gürcüstan və Polşa Xüsusi Əməliyyat Qüvvələri arasında əlaqələrin artan dinamikası ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər görüşdə həmçinin regiondakı mövcud təhlükəsizlik çağırışlarını müzakirə ediblər.
Polşanın Baş Qərargah rəisi Gürcüstana səfəri çərçivəsində Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub. Polşalı general NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinə (JTEC) də baş çəkəcək.