Gürcüstanın Daxili İşlər Nazirliyinin Acara Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində əvvəllər məhkum olunmuş, 2000-ci il təvəllüdlü Q.M.-ni quldurluq ittihamı ilə saxlayıblar.
“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin iyunun 17-də Batumidə, Cavcavadze küçəsində yerləşən valyuta mübadiləsi məntəqəsində kassir-operatoru silahla təhdid edərək, pul tələb edib, lakin o, niyətini həyata keçirə bilməyib və hadisə yerindən qaçaraq gizlənib. Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində polis Q.M.-ni təqsirləndirilən şəxs qismində saxlayıb”- deyə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin quldurluğu nəzərdə tutan 179-cu maddəsi ilə aparılır. Cinayət yeddi ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.