Almaniya Avropa Komissiyasını Avropa İttifaqı sərhədlərini qorumaq üçün tədbirlər görməyə çağırır

13:50, 02.08.2026

İspaniyanın Seuta anklavında baş verən miqrasiya böhranı fonunda Almaniyanın xarici işlər naziri Yohan Vadepul Avropa Komissiyasını Avropa İttifaqının xarici sərhədlərini qorumaq üçün tədbirlər görməyə çağırıb. O, bu barədə Almaniyanın “Bild” nəşri ilə söhbətində bildirib.

Vadepul Seutada yaranmış vəziyyəti “əsl sınaq” adlandırıb və qeyd edib ki, Avropa Komissiyası gələcəkdə bu cür böhranların bir daha təkrarlanmaması üçün əlindən gələni etməlidir.

“Son günlərdə Seutada yaranmış vəziyyət bizim üçün ciddi bir sınaq idi və biz bunun öhdəsindən gəldik. Buna görə də Avropa Komissiyasının Avropa İttifaqının xarici sərhədlərinin qorunmasını mütləq prioritetə çevirəcəyini gözləyirəm ki, Şengen sahəsinin açıq daxili sərhədlər sistemi bir daha təhlükə altına düşməsin”, – Vadepul bildirib.

Almaniyanın xarici işlər nazirinin sözlərinə görə, Seuta böhranı “dezinformasiyaya qarşı birgə və sürətli mübarizənin nə qədər vacib olduğunu göstərdi, çünki bu, insanların həyatını təhlükəyə atır.

Vadepul qeyd edib ki, effektiv miqrasiya siyasəti üçüncü ölkələrlə əməkdaşlıq olmadan işləyə bilməz. O, Seutada mövcud olan böhranın azaldılması prosesində İspaniya və Mərakeşin əməkdaşlığını müsbət qiymətləndirib.

“Qeyri-qanuni miqrasiyaya effektiv nəzarət etmək üçün Avropadan kənarda yerləşən tərəfdaşlara ehtiyacımız var, bu konkret halda isə – Mərakeşə”, – Almaniya xarici işlər naziri bildirib.

Məlumat üçün bildirək ki, Avropa İttifaqının sədri İrlandiya Seutada yaranmış miqrasiya böhranını müzakirə etmək üçün avqustun 4-də Avropa İttifaqının Ədliyyə və Daxili İşlər Şurasının fövqəladə iclasını çağırıb.

Oxşar