Parlament "Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanunvericilik paketini birinci oxunuşda qəbul edib
Parlament “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketini 78 lehinə, 0 əleyhinə səslə birinci oxunuşda qəbul edib.
Qanun layihəsi bir az bundan əvvəl plenar iclasda səsə qoyulub.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili, parlamentin bu gün mühüm qərar qəbul etdiyini bəyan edib.
“Gürcüstan Parlamenti həqiqətən mühüm qərar qəbul etdi. Mayın 17-də ümumxalq referendumu bütövlükdə Gürcüstanda keçirildi, bir milyon Gürcüstan vətəndaşı küçəyə çıxmaqla bu paketi dəstəklədiyini və parlamentin onların səsini qanuna çevirməsi tələbini təsdiqlədi. Bu gün parlament buna doğru ilk addımı atdı və biz bu paketi birinci oxunuşda qəbul etdik. Bundan başqa, biz konstitusiya qanun layihəsini müzakirə etdik. Bilirsiniz ki, Konstitusiya Qanununun qəbul edilməsi, dərhal qüvvəyə minməsi üçün səslərin dörddə üçünü tələb edir. Müxalifət zalda yoxdur. Bu səbəbdən bu səsverməni müxalifətin zalda olacağı və konstitusiya layihəsi ilə bağlı qərar verməli olacaqları növbəti vaxta qədər təxirə salacağam. Beləliklə, onlar öz mövqelərini bildirmək məsuliyyətindən qaça bilməzlər. Onlar iclas zalında cəmiyyət qarşısında bu məsuliyyəti göstərməli və seçim etməli olacaqlar. Beləliklə, bu səsvermə müxalifəti zalda gördüyümüz vaxta qədər təxirə salınacaq, o vaxt keçiriləcək”, – deyə Şalva Papuaşvili açıqlayıb.
İyunun 4-də “Gürcü Arzusu” “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” konstitusiya dəyişiklikləri ilə bağlı qanunlar paketinin təşəbbüsünü irəli sürdü.
Qanun layihəsinə əsasən, Gürcüstan Konstitusiyasının 30-cu maddəsinə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilir: “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi Gürcüstan Konstitusiyasının ayrılmaz hissəsi olan Gürcüstanın Konstitusiya Qanunu ilə təmin edilib”. Konstitusiya qanun layihəsi ilə nikah, yetkinlik yaşına çatmayan şəxslərin övladlığa götürülməsi və himayə altında böyüdülməsi, şəxsin cinsiyyətinin dəyişdirilməsi üçün tibbi müdaxilənin həyata keçirilməsi, rəsmi sənədlərdə cinsin göstərilməsi/qeyd edilməsi, cinslə müəyyən edilmiş anlayışlardan istifadə edilməsi, toplanması və məlumatın yayılması ilə bağlı müxtəlif məsələlər müəyyən edilib.