Otar Şamuqia - Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin qurumlarında sosial cəhətdən həssas olan bir neçə min insanı işlə təmin edə biləcəyik
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri Otar Şamuqia nazir vəzifəsində nazirliyin şöbələrinin və nazirlik sisteminə daxil olan qurumların rəhbər şəxsləri ilə işgüzar görüş keçirib.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazir ən yaxın işgüzar planlardan danışıb. Otar Şamuqia diqqəti sosial müavinət alan əmək qabiliyyətli insanların məşğulluğu proqramına yönəldib.
” Baş nazirin tapşırığına uyğun olaraq, biz əhalinin sosial cəhətdən həssas olan təbəqəsinin məşğulluğu ilə bağlı məsələlər üzərində işləmişik. Martın 1-dən tətbiqinə başlanılacaq proqram çərçivəsində qurumumuz bir neçə min insanı ictimai fəaliyyətə cəlb etməyə, onlara öz potensiallarını fəal şəkildə reallaşdırmağa imkan verəcək konkret iş təklif etməyə hazırdır ” – deyə Otar Şamuqia bildirib.
Nazirin də qeyd etdiyi kimi, görüşdə infrastruktur layihələri və kənd təsərrüfatı sahəsində yaz işlərinin aparılması ilə bağlı məsələlər müzakirə olunub.
” Meliorasiya infrastrukturunun inkişafı bizim üçün prioritet məsələdir və tezliklə bu istiqamətdə genişmiqyaslı işlərlə bağlı konkret planımız olacaq və onu işçi qrupa təqdim edəcəyik. Həmçinin, bütün müvafiq strukturların yaz işlərinin başlanmasına hazır olduğunu qeyd etmək vacibdir. Biz fermerlərlə koordinasiyadayıq və müvafiq yaz işlərinin rahat həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik” -deyə nazir bildirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, nazirin tapşırığına əsasən, sistemə daxil olan qurumların rəhbərləri yaxın gələcəkdə səmərəli işin aparılmasına və hədəf seqmentin tələbatının ödənilməsinə böyük töhfə verəcək təşəbbüslər və baxışlar təqdim edəcəklər.