Nikol Paşinyan Azərbaycanla münasibətlərin tənzimlənməsi ilə bağlı üç əsas prinsipin razılaşdırıldığını bildirir
Nikol Paşinyan Azərbaycanla münasibətlərin tənzimlənməsi ilə bağlı üç əsas prinsipin razılaşdırıldığını bildirir

 
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərin tənzimlənməsi ilə bağlı üç əsas prinsipin razılaşdırıldığını bildirir. Paşinyan bu barədə parlamentdə çıxışı zamanı, 2024-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı açıqlayıb.

Ermənistanın liderinin sözlərinə görə, tərəflər qeyd olunan prinsiplərə əməl etsələr, sülh sazişinin imzalanması reallaşacaq.

“Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan Ermənistan Respublikasının ərazisinin 29,8 min kvadratkilometr, Azərbaycanın ərazisinin isə 96,6 min kvadrat kilometr olmasını nəzərə almaqla bir-birinin ərazi bütövlüyünü tanımalıdır”-deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, ikinci prinsip Alma-Ata Bəyannaməsinin dövlət sərhədinin delimitasiyası və demarkasiyası üçün siyasi əsasa çevrilməsini nəzərdə tutur. Üçüncü prinsip isə regional kommunikasiyaların açılmasını nəzərdə tutur. Ermənistanın Baş naziri bildirib ki, bu, suverenlik, yurisdiksiya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında edilməlidir.

Bundan əlavə, Ermənistan hökumətinin başçısı Ermənistanla Türkiyə arasında sərhədin açılmasına dair razılaşmanın yaxın vaxtlarda yekunlaşacağına ümid etdiyini bildirib.

“Ümid edirəm ki, Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşləri nəticəsində əldə olunan razılaşmalar yaxın vaxtlarda həyata keçiriləcək” – deyə Paşinyan qeyd edib.

Baş nazirin qeyd etdiyi kimi, Ermənistanla Türkiyə arasındakı sərhəd indiki mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün açıq olmalıdır.