Gürcüstan parlamentində bugünkü iclas mübahisə ilə başladı

Gürcüstan parlamentində bugünkü iclas deputatlar arasında mübahisə ilə başladı.

“Vətəndaşlar” partiyasının üzvü Aleko Elisaşvili parlamentin sessiyasında çıxış edərək, “Gürcü Arzusu”nun xarici maliyyələşdirmənin şəffaflığı ilə bağlı qanunvericilik təşəbbüsü təqdim edəcəyi haqqında bu gün verdiyi bəyanata münasibət bildirdi.

“Bu qanunun geriyə qaytarılması hər kəs üçün təhqirdir. Bu qanun rus qanunudur” – Elisaşvili qeyd edib.

Elisaşvilinin bəyanatı parlament əksəriyyəti tərəfindən etirazla qarşılandı və bu, mübahisəyə çevrildi.

Parlament sədri deputatları “Rus qanunu” ifadəsini işlətməməyə çağırdı.

“İndi apardığınız anti-gürcü təbliğatıdır. Anti-gürcü təbliğatı və bu hay-küyə icazə verməyəcəyəm. Yenidən “Rus qanunu” ifadəsini işlədən hər kəsin mikrofonunu söndürəcəyəm. Anti-gürcü təbliğatından vaz keçin. Gürcü xalqını aldatmayın. Keçən il nail oldunuz, bu il nail ola bilməyəcəksiniz” – Papuaşvili deyib.

Şalva Papuaşvili Aleko Elisaşvilini zaldan çıxarıb.