NATO Hərbi Komitəsinin rəhbəri - NATO və Gürcüstanı unikal tərəfdaşlıq birləşdirir

 

NATO Hərbi Komitəsinin Gürcüstana dördüncü səfəri NATO -nun Gürcüstana qəti dəstəyini bir daha təsdiqləyir. NATO ilə Gürcüstanı zaman keçdikcə daha da güclənən unikal tərəfdaşlıq birləşdirir -bu barədə NATO -nun Hərbi Komitəsinin sədri admiral Rob Bauer Gürcüstanın müdafiə naziri Cuanşer Burchuladze ilə görüşdən sonra bildirib.

O, NATO ilə Gürcüstan arasındakı sıx əlaqələrdən danışıb və tərəfdaşlığın hər zaman qarşılıqlı faydalı olduğunu qeyd edib. Bu baxımdan, o, NATO-ya daxil olmayan tərəfdaş ölkələr arasında Gürcüstanın Əfqanıstandakı missiyada ən böyük töhfəçi olduğuna diqqət çəkib.

Admiral Gürcüstanın sülhməramlı missiyada verdiyi fədakarlığı vurğulayıb. Admiral Rob Bauer Gürcüstanın Kosovodakı NATO missiyasına verdiyi töhfədən, eləcə də NATO -nun Sürətli Reaksiya Qüvvələrinin fəaliyyətində iştirakından danışıb. O, “NATO-Gürcüstan Əsas Paketi”- nin tətbiqinə xüsusi diqqət yetirib.

Onun sözlərinə görə, bu kontekstdə NATO-Gürcüstan əməkdaşlığı təkcə dəniz məkanında deyil, həm də hava, quru və kiber təhlükəsizlik sahəsində daha da intensivləşir.

Həmçinin, o, çoxmillətli təlim imkanlarının inkişaf etdirilməsi vasitəsi kimi NATO-Gürcüstan Birgə Təlim və Qiymətləndirmə Mərkəzinin fəaliyyətini  müsbət qiymətləndirib. NATO Hərbi Komitəsinin rəhbəri qeyd edib ki, NATO Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.

Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayıb.